METBUAT.AZ

Ölkə

"Azercell"dən göndərilən mesaj deputatı heyrətə gətirdi -

18 İyun 2024 20:14

"Azercell" mobil operatoru Yardımlıya gedən şəxsin İran İslam Respublikası ərazisində olduğunu bildirən SMS göndərib.

Metbuat.azəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Sabir Rüstəmxanlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, Yardımlıda olduğu halda nə üçün ona SMS vasitəsilə "İrana xoş gəlmisiniz" göndərildiyini anlamadığını qeyd edərək, "Azercell" şirkətinə irad bildirib.

Məsələ ilə bağlı "Azercell" şirkətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, abunəçinin mobil telefon nömrəsindən istifadə etdiyi ərazinin təsbit edilməsi, GPS koordinatlarının təqdim edilməsi kimi xidmətin göstərilməsi "Azercell Telekom" MMC tərəfindən nəzərdə tutulmayıb:

"Abunəçilər sərbəst şəkildə xidmətdən istifadə həddi və tarixçəsi barədə, həmçinin mobil telefon cihazında mövcud olan tətbiqlər ilə bağlı, istifadə etdikləri ağıllı mobil telefonun (smartfon) funksiyaları vasitəsilə məlumat əldə edə və istifadə imkanlarını müstəqil şəkildə idarə edə bilərlər. "Azercell Telekom" MMC tərəfindən internet brauzerlərindən və ya hər hansı sosial şəbəkələrlə əlaqədar hər hansı məhdudiyyət qoyulması və ya müdaxilənin edilməsi mümkün deyil, müvafiq tətbiqlərdən (o cümlədən internet brauzer, mesencer, sosial şəbəkə və s.) istifadə üçün yalnız mobil internet şəbəkəsi təmin edilir, onlardan istifadə zamanı baş verən hallara görə cavabdehlik daşınmır.

İstifadə zamanı qarşılaşdığı hallarla bağlı abunəçilər sual və mülahizələri ilə müvafiq tətbiqlərin proqram təminatçısına müraciət edə bilərlər.

Məlum olduğu kimi, ağıllı mobil telefonlarda mövcud olan əməliyyat sistemləri telefonun yerləşdiyi bölgəyə görə müvafiq tip məlumatları internet vasitəsilə təmin edir. Yəni abunəçi tərəfindən yüklənən və yaxud telefonun öz yaddaşında olan müvafiq proqram təminatı abunəçinin olduğu yeri nəzərə alaraq, öz xəritəsi əsasında coğrafi ad, hava, saat qurşağı və digər məlumatların internet üzərindən telefonda əks olunmasını təmin edir.

Müvafiq proqram təminatının abunəçinin olduğu yerin dəqiqliklə müəyyən edilməsində hər hansı xətanın olub-olmamasını, istifadə edilən xəritələrdə coğrafi adların, saat qurşağının yanlış və ya düzgün əks olunub-olunmaması, hava və sair məlumatların, o cümlədən hava haqqında proqnozların mötəbərliyi hər hansı operatorun telekommunikasiya şəbəkəsinə aid edilə bilməz".

Şirkətdən əlavə edilib ki, telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə həyata keçirilir:

"Buna görə də hər hansı səbəbdən açıq düzənlik və ya dəniz sahilində, həmçinin sərhədyanı bölgələrdə qonşu ölkənin mobil rabitə operatorlarının siqnallarının təsir zonasına düşdükdə rouminq xidməti açıq olan və şəbəkə seçilməsi avtomatik sazlanan telefon cihazları digər ölkənin mobil operatorunun şəbəkəsinə qoşula bilər.

Ölkə daxilində (xüsusən də sərhədyanı bölgələrdə), həmçinin də rouminqdən istifadə edərkən müvafiq telefon cihazında şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlamaq tövsiyə edilir.

Eyni zamanda bildiririk ki, "Azercell Telekom" MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rouminq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyinə dair öhdəlik götürülməyib.

Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, SMS sorğular göndərərkən diqqətli olmaq, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmaq, istifadə etmək istədikləri xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin, yuxarıda da qeyd edildiyi kimi, müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlamaq tövsiyə edilir".


metbuat.az.