METBUAT.AZ

Ölkə

Bakıda avtobuslar nə vaxt yenilənəcək?

26 İyun 2024 14:38

Yay gəlib, hava dözülməz istidir. Belə vəziyyətdə bəzi avtobuslarda kondisionerlərin işləməməsi vəziyyəti bir az da gərginləşdirir. Bir tərəfdən avtobuslardakı sıxlıq, digər tərəfdən isti və havasızlıq sərnişinlərin narazılığına səbəb olur. Bəs, kondisionerlər niyə işləmir? Problem həllini nə vaxt tapacaq?

Metbuat.az Baku TV-yə istindən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobusların texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermədiyini bildirib.

"Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək", - məlumatda vurğulanıb.

Qurumdan həmçinin bildirilib ki, ilk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib, artıq qaliblər də bəllidir.


metbuat.az.