24 İyun 2024 17:09
20-22 iyun tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə baş tutan Azərbaycanda ilk Beynəlxalq Qurama Festivalı Şuşa səfəri ilə yekunlaşıb.
Metbuat.az-ın məlumatına görə, üç gün davam edən Beynəlxalq Qurama Festivalının açılışı 20 iyun tarixində Şirvanşahlar Sarayında baş tutub. Festivalın ikinci günü -- 21 iyun tarixində “Qurama Dayanıqlı sənət kimi: Eko-dost üsulların ənənələrlə sintezi” adlı beynəlxalq seminar təşkil olunub. Seminarda türk dövlətlərini təmsil edən quramaçı sənətkarlar, tədqiqatçılar və qurama sənətinin həvəskarları bir arayə gələrək, qurama sənətinin müxtəlif aspektləri, bu sahədə olan yeniliklər və təcrübələrini bölüşüb, gələcəkdə qurama sənətin inkişafı yollarına dair fikir mübadiləsi aparıblar. Seminar zamanı quramanın qədim mədəni irsi təmsil etməsi ilə yanaşı, onun eko-dost sənət növü kimi də əhəmiyyəti xüsusi vurğulanıb.
Festival çərçivəsində həmçinin, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərinin nümayişi təşkil olunub. Qazaxıstan, Qırğızıstan və Türkiyədən gələn quramaçı sənətkarlar "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Qurama Mərkəzi ilə tanış olublar. Qoruq ərazisindəki Arxeoloji-Etnoqrafik Muzey Kompleksində nümayiş olunan yerli əhalinin əsrlər boyunca yaşadığı ənənəvi həyat tərzi qonaqların marağına səbəb olub.
Bildirək ki, 22 iyun tarixində Beynəlxalq Qurama Festivalının yerli və xarici iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərini ziyarət ediblər. Səfər zamanı quramaçı sənətkarların əl işlərinin və zəfər yolunu tərənnüm edən, üzərində xarı bülbül təsviri olan 44 metrlik quramanın nümayişi, eləcə də Tut bağında ziyarətçilərə üçün təşkil olunan ustad dərsi şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.