18 İyun 2024 17:14
Cəlilabad rayonunun Qamışlıgöl kəndi Buravar sıra dağlarının ətəyində yerləşir. Bura təkcə gözəl təbiəti ilə yox, həm də orta əsrlərdən bu günə kimi gəlib çıxmış "Zəli gölü" ilə də məşhurdur.
Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bəzi tarixi mənbələrdə bu gölün ən azı 800 il yaşı olduğu qeyd edilir. Hətta Əmir Teymurun gölün yaxınlığında açıq xəstəxana saldığını deyənlər də var. Kənd sakinlərinin sözlərinə görə, tikilinin nişanələri bir neçə il əvvələ kimi qalırmış.
Kənd sakini Elnur Tağıyev bildirib ki, insanlar buraya daha çox yay aylarında üz tuturlar. Revmatik ağrılardan, qan təzyiqindən və müxtəlif xəstəliklərdən əziyyət çəkənlər burada şəfa tapırlar: “Göldəki zəlilərdən sakinlər revmatizm və yüksək qan təzyiqi xəstəliklərinin müalicəsində geniş istifadə edirlər. Bu məkanın özəlliyi ondadır ki, göldəki zəlilər təbabətdə daha çox istifadə olunan Şərq zəli növüdür. Əslində gölün tarixi çox qədimdir. Bəzi tarixi mənbələrdə bu gölün böyük türk sərkərdəsi Əmir Teymur tərəfindən yaradıldığı və hətta onun sahilində bir vaxtlar açıq şəfaxananın da inşa olunduğu deyilir. Burada açıq formada salınan xəstəxananın əsas məqsədi müharibədə qılınc və ya ox yaraları almış döyüşçüləri müalicə etmək imiş. Yaralı əsgərləri bura gətirərək onları zəlilər ilə sağaltmağa çalışırlarmış. Mən burada olan həmin tikilinin qalıqlarını öz gözlərimlə görmüşəm”.
Mütəxəssislərin fikrincə, zəli ürək-damar, ginekoloji, prostat, qalxanvari vəzi, babasil və digər xəstəliklərdə şəfaverici rol oynayır. Eyni zamanda, bu proseduru qəbul edənlərin qan təzyiqi sabitləşir, laxtalanmanın qarşısı alınır, yuxu və iştahası yaxşılaşır.