10 İyun 2024 20:03
Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır.
Metbuat.az xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə 08.06.2024-cü il tarixində baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub.
09.06.2024-cü il tarixində saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, 09.06.2024-cü il tarixində saat 03:40 radələrində T.Cavadzadə vəfat edib.
Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı “Çips” məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb.
Baş verən hadisə ilə bağlı ailəyə, azyaşlının yaxınlarına başsağlığı veririk.