METBUAT.AZ

Turizm

Əlverişsiz hava daxili turizmə necə təsir edib? -

27 İyun 2024 11:33

Artıq bir neçə gündür bölgələrdə qeyri-sabit hava şəraiti davam edir. İntensiv yağıntı bəzi rayonlarda sel və daşqınlara səbəb olub. Bəs, havanın əlverişsiz olması daxili turizmə necə təsir edib? Qiymətlərdə dəyişiklik varmı?

Mövzu ilə bağlı Metbuat.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, hazırda qiymət artımlarının keçən ilkindən çox olacağı gözlənilmir:

"Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, istirahətə gedən insanlar üçün müəyyən əngəllər yaranıb. Bu da təlabatı qısamüddətli də olsa, kəskin aşağı salır. Amma bu qeyri-sabit hava şəraiti uzun sürmür. Belə hava şəraiti qısamüddətli olduğuna görə, tətilə gedənlərin səyahətinə ciddi təsir etmir. Ola bilər, hansısa bir məqamda tarixləri dəyişdirə bilərlər. Amma tətilə təlabat var. Regionlarda gələn aydan aktivlik daha çox hiss olunacaq. Buna görə də, qiymətlərin ciddi şəkildə artacağı gözlənilmir".

Ekspertin sözlərinə görə, qiymətlərdə müəyyən artımın olması mövsümlə əlaqədardır.

"Qiymətlərdə müəyyən artım var. Amma bu ilki qiymət artımlarının keçən ilkindən çox olacağı gözlənilmir. Çünki bazarda hər il az da olsa, alternativlər olur.

Ölkəyə gələn turistlərin sayında da artım var. İlk 5 ayda ölkəyə gələn turistlər arasında 35 % artım qeydə alınıb. Bunlar onu deməyə əsas verir ki, bazarda hələki balanslı turist hərəkəti var. Qiymətlərin kəskin artırılması üçün hər hansısa bir əsas yoxdur".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.