21 İyun 2024 12:38
Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı həyat yoldaşı Nurani Qalabəylinin qətlində təqsirləndirilən Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Metbuat.az-ın məlumatına görə, hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Ə. Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı Məhkəmə psixiatrik ekspertizasının rəyi açıqlanıb.
Rəydə göstərilib ki, Qalabəyli Əfsanə Xəlil qızında hal-hazırda "Orta dərəcəli depressiv pozuntu, təşviş əlamətləri ilə" formasında psixi patologiya müəyyən edilir.
Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Ə.Qalabeyli hal-hazırda öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyil.
Prosesdə yekun qərar elan edilib.
Qərara əsasən, Əfsanə Qalabəyli barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilib.
İttihama görə, 2022-ci il sentyabrın 2-də saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işinin materiallarına əsasən, 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsilə qətlə yetirib.
İstintaq sənədlərinə görə, Nurani Qalabəyli Əfsanə ilə birgə yaşadığı evə başqa-başqa qadınlar gətirib. Onlarla arvadının yanında intim əlaqədə olub. Hətta Əfsanəni onlara qulluq göstərməyə də məcbur edib.
İstintaq orqanı tərəfindən Əfsanə Qalabəylinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilib.