21 İyun 2024 15:18
Bakı və İrəvan arasında sülh danışıqlarının getdiyi bir vaxtda, Ermənistanın silahlandırılması davam edir. Xüsusən Hindistan və Fransa ilə İrəvan arasında sıx hərbi əməkdaşlıq mövcuddur. Bəs, Ermənistanın dayanmadan silahlandırılması region üçün nə vəd edir? Bəzi dövlətlərin Ermənistanın silahlandırılmasında marağı nədən ibarətdir?
Məsələ ilə bağlı Metbuat.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Ermənistanın silahlandırılması müəyyən qədər narahatlıq doğurur. Xüsusilə Fransa və Hindistanın bu istiqamətdə canfəşanlığı Ermənistan üçün ciddi problem yaradacaq:
“Azərbaycan indi daha əlverişli mövqedədir. Ordumuz düşmənin istənilən hücumunu dəf etməyə qadirdir. Ona görə də, bu, sülh prosesinin ləngiməsinə səbəb olacaq. Həm də Ermənistanın yeni təlatüm yaşamasına səbəb olacaq. Çünki, müharibə riski və bu istiqamətdə atılan addımlar Ermənistan üçün yeni bir çalxalanmanı təmin edəcək. Bu da bizim işimizə yarayır.
Amma biz istəyirik ki, orada bir sabitlik olsun. Normal idarəetmə imkanları yaransın. Hökümət sülhə doğru addım atsın. Ermənistan bunu düşünməlidir ki, belə addımlar genişlənərsə, yeni problemlər yaradacaq".
Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, öz ordusunu yeni silahlarla təchiz etməkdə bu və ya digər ölkənin qarşısında iki məqsəd ola bilər:
“Müdafiə və hücum. Müdafiə məqsədi güdənlər dəfələrlə qonşuları tərəfindən hücuma və işğala məruz qalanlardır ki, onlar özlərini müdafiə etmək və əhalisini qorumaq üçün arsenallarını artırırlar.
Hücum məqsədi ilə silah əldə edənlər isə qonşu dövlətlərin torpaqlarını işğal etmək və öz ərazilərini digərlərinin hesabına genişləndirmək istəyənlərdir. Ermənistan ikinci kateqoriya dövlətlərə aiddir. Çünki regionda mövcud olan dövlətlərdən heç biri Ermənistana hücum edərək, onun torpaqlarını işğal etməyib. Ermənistan isə həmişə qonşuları olan Azərbaycan və Gürcüstan torpaqlarına göz dikib".
Politoloqun sözlərinə görə, Ermənistanın silahlandırılması və hücum silahları ilə təchiz edilməsi onu müharibəyə təşviq etməkdən başqa bir şey deyil:
"Ermənistanı silahlandırmaqla Fransa həm də regiondakı son zamanlar yaranmaqda olan sabitliyin qarşısını almaq məqsədi güdür. Çünki Azərbaycanla Ermənistanın vasitəçi olmadan öz problemlərini həll etməsi, Parisə regionun işlərinə müdaxilə etmə imkanı buraxmır. Məhz buna görə də, əlində olan imkanlardan maksimum istifadə etməyə çalışan Yelisey sarayı Ermənistanı qızışdıraraq, ortaya salır. Amma bu təşəbbüslər əbəsdir".
Deputat Aydın Hüseynov mövzu ilə bağlı danışarkən qeyd edib ki, Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi region üçün təhdid təşkil edir:
"Fransanın Azərbaycan və Ermənistan arasında normallaşma ilə əlaqədar proseslərin aparıldığı bir şəraitdə Fransanın öldürücü silahların satışına dair saziş imzalaması, regionda militarizasiya siyasəti ciddi təhdid yaradır. Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində ciddi addımların atıldığı bir zamanda Fransanın bu addımları normallaşma prosesinə ciddi şəkildə zərbədir. Eyni zamanda, silah satışı ilə eyni gündə bir qrup fransız siyasətçinin Fransa prezidentinə müraciət edərək, Ermənistana qoşun göndərməyə dair çağırışı qəbulolunmaz təxribat və faşizm davranışıdır".
Millət vəkili vurğulayıb ki, Ermənistanın kütləvi silahlanmaya meyl etməsi, Fransaya qapılarını açması, onun bölgədə sülh quruculuğuna qarşı xəyanətidir, Azərbaycanın sülh təşəbbüslərinə qarşı çıxmaqdır:
"Bu vəziyyət göstərir ki, rəsmi İrəvan imitasiya ilə məşğuldur. 30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən, öz təcavüzkar əməllərini məhz Azərbaycan tərəfindən atılmış addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır. Guya sülhü dəstəkləyən Ermənistan ölümcül hücum silahlarına sahib olmaqla, bölgədə yeni gərginlik və təhdid mənbəyi yaratmaq istəyir. Bu siyasət isə Ermənistanın növbəti mümkün təcavüzə meyilli olmasını göstərir".
Aydın Hüseynov qeyd edib ki, Fransanın Ermənistanı kütləvi silahlandırma siyasətinin kökündə dayanan səbəblər Cənubi Qafqaza daxil olmaq, Ermənistanı öz müstəmləkəsinə çevirmək və bölgədə öz maraqlarını təmin etməkdir:
"Mürəkkəb geosiyasi proseslərin dərinləşdiyi bir dövrdə Parisin bu niyyətləri alınan deyil, çünki bu siyasətin özü başqa dövlətin suveren hüquqlarını pozmaqdır. Bu isə beynəlxalq birliyin Fransa kolonizminə qarşı səylərinin artdığı bir vaxtda, Parisin irticaçı siyasətinin uğursuzluğa düçar olmasını şərtləndirir".
Seyranə Quliyeva / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.