13 İyun 2024 18:53
İyun ayının ötən dövrü ərzində, 1-13 iyun tarixlərində bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb. Bəzi günlərdə yağıntılar leysan xarakterli intensiv olub, dolu düşüb, əksər bölgələrdə yağıntılar ötən ilin eyni dörü ilə müqayisədə daha çox qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
“Belə ki, yağıntının miqdarında ən çox artım olan bölgələr Quba-Qusar və Mərkəzi Aran rayonlarıdır ki, bu ərazilərə aylıq normanın 135-155%-i qədər yağıntı düşüb.”
Xidmət rəisinin sözlərinə görə, ötən ilin iyun ayında bölgələrdə 43 dolu hadisəsi baş vermişdisə, bu ilin iyun ayının ötən günlərində 42 dolu hadisəsi qeydə alınıb. Bu da dolu prosesinin intensivliyinin göstəricisidir.
“İyun ayının ötən dövrü ərzində ölkə ərazisində havanın temperaturu 4-7.2 dərəcə iqlim normasından çox olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36, bölgələrdə isə 39 dərəcə isti olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 27 m/s, bölgələrdə isə 34 m/s-yə çatıb”.
N.Mahmudov bildirib ki, qarşıdan gələn bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.
“Bu səbəbdən tətil günlərində bölgələrə səfər edən vətəndaşlara tövsiyə edirik ki, hava məlumatlarını və hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləsinlər və səyahət planlarını hava proqnozlarına uyğun qursunlar. Xüsusilə magistral avtomobil yollarında əlverişsiz havada daha diqqətli olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etməl etsinlər".