14 İyun 2024 13:44
“Ailə qurmaq istəyən cütlüklər gələcək üçün sağlam düşüncə ilə addım atmalıdırlar. Sağlam ailə anlayışını inkişafı elmə söykənməlidir”.
Bu fikirləri Metbuat.az-a psixoterapevt Rövşən Nəcəfov deyib. Mütəxəssis bildirib ki, ailənin davamlılığına bioloji, fizioloji və psixoloji amillər təsir edir. Əgər düşüncə dəyişərsə, bu davamlılığına müsbət təsir göstərmiş olacaq:
“Adət-ənənə ilə qurulmuş ailələrin davamlılığı müşahidə olunur. Amma həmin ailələrdə sağlam fərd formalaşmayıb. Bu gün boşanan şəxslər adət-ənənə ilə ailə qurmuş ünvanlarda böyüyüblər. Ailənin davamlılığı xoşbəxtlik üzərində deyil, adət-ənənə üzərindədir. Ailə, iki şəxsin xoşbəxtliyidir. Xoşbəxt ailələrdə sağlam fərd yetişə bilər. Kənardakılara görə bir çətirin altında bir ömür yaşamaq bədbəxtlikdir. İnsanlara xoşbəxt olmağın vacib olduğu öyrədilməlidir”.
Psixoterapevt vurğulayıb ki, qohum evliliklərində bioloji, fizioloji və psixoloji olaraq problemlərin yaranması riskləri daha çoxdur:
“İnsanlar elmə inanmalıdırlar. Keçmişdəki təcrübələr bu gün üçün aktuallığını itirib. Keçmişlə yaşamaq doğru deyil. Psixoloji olaraq insanlar bir-birlərinin həyatını məhv edirlər. Qohum evliliklərində psixoloji uyğunsuzluqlar daha çoxdur.
Ailə həyatı qurulduğu zaman müsbət və ya mənfi, hadisələr fəlakətləşdirilir. Sevgisiz ailə sağlam övlad cəmiyyətə verə bilməz. Eyni psixoloji hal boşananda da baş verir. Sağlam düşüncəli insanlar boşandıqları halda belə bunu fəlakətləşdirmirlər”.
Evliliyin və boşanmağın iki şəxsin sağlam qərarına əsaslanmalı olduğunu qeyd edən R.Nəcəfov qeyd edib tövsiyyə edib ki, ailə qurmamışdan öncə cütlüklər psixoloji uyğunluq dəyərləndirməsindən keçməlidirlər:
“Ailələrin dağılmasının əsas səbəbi psixoloji uyğunsuzluqdur. Evlilik öncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi sağlam ailənin başlanğıcıdır. Ailə qurmaq istəyən şəxslər ailə qurmağa hazırlaşmalıdırlar. Sağlam ailənin təməli sağlam düşüncədir. Psixoloji uyğunsuzluq olan cütlüklər konsultasiyalar alaraq özlərini ailə qurmağa daha hazır hiss edəcəklər. Yaranacaq problemlərə qarşı əvvəlcədən psixoloji immunitet yaratmış olacaqlar. Gələcək problemləri bu gün aradan qaldırmaq olar. İnsanlar evliliyin həyatlarında hansı mənanı ifadə etdiyini dərk etməlidirlər. Xoşbəxtlik ailə qurmaq deyil, sağlam ailə qurmaqdır”.
Gülbəniz Hüseynli / Metbuat.az