20 İyun 2024 13:07
Məişət zorakılığı nədir?
Məişət zorakılığı anlayışının mahiyyəti “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda təsvir edilib. Qeyd olunub ki, “yaxın qohumluq münasibətləri və birgə yaşayışdan sui-istifadə etməklə digər şəxsə qarşı qəsdən mənəvi-fiziki zərər vurulması halları məişət zorakılığı olaraq qəbul edilir”. Məişət zorakılığına məruz qalan şəxslər qismində ailə üzvləri, yaxın qohumlar, nikahına xitam verilmiş şəxslər, qəyyumların himayəsində olanlar və digərləri tanınır.
Qanun zorakılığın formalarının təsvirini verir. Adətən, zorakılıq deyəndə təsəvvürdə "döymək", “xəsarət yetirmək”,"cinsi zorlamaya məruz qoymaq" və s. formalı fiziki təzyiq vasitələri canlanır. Amma məişət zorakılığı amilitəkcə fiziki təzyiq elementləri ilə məhdudlaşmır ( https://az.wikipedia.org/wiki/M%C9%99i%C5%9F%C9%99t_zorak%C4%B1l%C4%B1%C4%9F%C4%B1 ). Qanunvericiliyə əsasən, qarşı tərəfi öz istəyinə uyğun olaraq idarə etmək üçün ona qarşı törədilən istənilən formalı fiziki, psixoloji, maddi, mənəvi təzyiq vasitələri məişət zorakılığının elementi kimi dəyərləndirilir.
Məişət zorakılığı hallarının təzahür etməsitarixin qədim dövrlərindən başlanılıb. Buna rəğmən, onun elmi-nəzəri ədəbiyyatda bir termin kimi işlədilməsi ilk dəfə 1973-cü ildə baş verib. Bu termin Cek Eşli tərəfindən Böyük Britaniya Parlamentinin tribunasından səsləndirilərək ictimailəşdirilib ( https://en.wikipedia.org/wiki/Domestic_violence ).
Məişət zorakılığı üzrə statistika yüksəkdir
Məişət zorakılığı üzrə qeydə alınan hadisələrin statistikası yüksəkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Hüquqi Təminat Şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova bizimlə söhbətində bildirdi ki, 2024-cü ilin ilk 4 ayı ərzində Komitəyə məişət zorakılığı faktı üzrə 175 müraciət daxil olub. Bunların sırasına57 psixi, 106 fiziki, 6 iqtisadi, 6 cinsi zorakılıq halı daxildir.
İradə Məmmədova onu da qeyd etdi ki, məişət zorakılığı halları üzrə statistika hər il artan xəttlə qeydə alınır. Belə ki, Azərbaycanda 2021-ci il ərzində 364, 2022-ci il ərzində 544, 2023-cü il ərzində 560 fakt qeydə alınıb. Ümumilikdə son illər ərzində Azərbaycanda məişət zorakılığı hallarında 19 faiz artım müşahidə edilib.
Açıqlanmış statistikada məişət zorakılığına məruz qalanların təsnifatı da diqqət çəkir. Qeyd olunur ki, 2022-ci ildə məişət zorakılığına məruz qalmış şəxslərin 475 nəfərini qadınlar, 20 nəfərini kişilər, 81 nəfərini uşaqlar təşkil edib. Nəticə çıxır ki, məişət zorakılığı ilə üzləşənlər sırasında qadınların sayı çoxluq təşkil edir. Bu göstərici orta hesabla 80-90 faiz aralığında dəyişir.
Məişət zorakılığı hallarından ən çox əziyyət çəkən zümrənin qadınlar olması faktını Ümumdünya Səhiyyə Təşkilatı da təsdiq edir. ÜST-ün hesabatlarında qeyd olunur ki, dünya üzrə qadınların 30 faizi, yəni hər 3 qadından 1-i məişət zorakılığına məruz qalır ( https://www.who.int/news-room/fact-sheets/detail/violence-against-women ).
Məişət zorakılığı amili qlobal problemlər sırasında
“Violence info” beynəlxalq analitik mərkəzi məişət zorakılığı hallarının yüksək olduğu ölkələr barədə məlumat dərc edib. Açıqlamada qeyd edilir ki, dünya üzrə məişət zorakılığı halları ən çox Yaxın Şərq, Şimali Afrika və bəzi Asiya ölkələrində görünür. Amma bəzi elmi mərkəzlər iddia edirlər ki, məişət zorakılığı halları dünyanın inkişaf etmiş ölkələrində də yüksək rəqəmlərlə ifadə olunur. Məsələn, beynəlxalq statuslu analitik mərkəzlərdən olan “Statista.com”un hesabatında vurğulanır ki, təkcə ABŞ-də son illər ərzində 10 milyondan çox insan, xüsusən qadın və uşaqlar məişət zorakılığına məruz qalıblar ( https://ncadv.org/STATISTICS ). Qeyd olunan 10 milyonluq qurbanların 85%-ni qadınların təşkil etdiyi bildirilir ( https://www.dosomething.org/us/facts/11-facts-about-domestic-and-dating-violence// https://www.statista.com/statistics/1212170/share-of-women-who-suffered-intimate-partner-physical-and-or-sexual-violence-by-region/ ). Bu baxımdan məişət zorakılığı mövzusu dünya ölkələrinin birgə həll etməyə çalışdığı qlobal bir problemə çevrilib. Hazırda məişət zorakılığının qarşısının alınması üçün Azərbaycan da daxil olmaqla dünyanın 161 ölkəsi mübarizə aparır ( https://www.unwomen.org/en/what-we-do/ending-violence-against-women/facts-and-figures ).
Analitik mərkəzlər məişət zorakılığı hallarını stimullaşdıran amillər, həmçinin, problemin qarşısını almaq üçün tətbiq edilməli olan vasitələr barədə fikirlərini də açıqlayıblar. Bu istiqamətdə mövcud olan konsepsiyalar barədə növbəti məqalələrimizdə məlumat veriləcək.
Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi
tərəfindən hazırlanıb
Hazırladığımız məqalələrmaarifləndirici xarakterlidir. KİV təmsilçilərində məişət zorakılığı mövzusunda informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
FəaliyyətAzərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB)tərəfindən icra olunan “Məişət zorakılığının qarşısının alınmasında medianın rolunun artırılması” adlı layihəçərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisiAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə7 məqalənin dərc edilməsi nəzərdə tutulub.