12 İyun 2024 13:59
Xəbər verdiyimiz kimi, Fernando Santuş futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edilib.
Metbuat.az məşhur mütəxəssis barədə məlumatları təqdim edir:
Fernando Santuşun futbolçu karyerası elə də parlaq olmayıb. O, karyerasının çoxunu vətənində - "Eştoril" klubunda keçirib və bu klubda 150-dən çox oyunda meydana çıxıb.
Portuqalyalı məşqçi karyerasına 1987-ci ildə başlayıb. O, ilk illərdə ölkəsində bir neçə klubu çalışdırdıqdan sonra, 1998-1999 mövsümündə "Portu" ilə Portuqaliya çempionu olmağı bacarıb.
"Portu" ilə daha bir neçə mövsüm kuboklar qazanan Santuş AEK-in baş məşqçisi postuna keçib və burada 2001-2002 mövsümündə Yunanıstan çempionu olub. Bundan sonra ardıcılıq olaraq "Panatinaikos" (2022), "Sportinq" (2003-2004), AEK (2004-2006), "Benfika" (2006-2007), PAOK (2007-2010) və Yunanıstan millisində çalışan Santuş heç bir uğur əldə edə bilməyib.
Fernando Santuş 2014-2022-ci illərdə 8 il Portuqaliya millisinin baş məşqçisi olub. Bu illərdə onun ən böyük uğuru isə təbii ki, ölkəsini tarixində ilk dəfə Avropa çempionu etməsi olub. Milli 2016-cı il Avropa çempionatında ən güclü olub.
Santuşun son illərdəki karyerası elə də uğurlu alınmayıb. Belə ki, mütəxəssis 2023-cü ildə Polşa millisində, 2024-cü ildə isə "Beşiktaş"da qısa müddət baş məşqçi postunda olub.