17 İyun 2024 10:22
NATO ölkələri nüvə silahının döyüş hazırlığı vəziyyətinə gətirilməsi məsələsini müzakirə etməyə başlayıblar.
Metbuat.az-ın məlumatına görə, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib . Onun sözlərinə görə, Alyans öz nüvə arsenalını bütün dünyaya nümayiş etdirməlidir.
“Mən nüvə başlığının hazır olması barədə əməliyyat təfərrüatlarından danışmaq istəmirəm, lakin bu məsələlərdə məsləhətləşmək lazımdır. Nə qədər ki, NATO var, nüvə ittifaqı olaraq qalacaq”.
Stoltenberq qeyd edib ki, ABŞ və onun Avropalı müttəfiqləri Rusiya tərəfindən artan təhlükə qarşısında öz nüvə arsenalını modernləşdirirlər.
Daha əvvəl Financial Times yazıb ki, bəzi xarici rəsmilər Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya ötürülən silahlardan narahatdırlar. Məqalədə iddia olunur ki, Rusiyanın hərbi doktrinasında NATO ilə birbaşa münaqişə vəziyyətində nüvə silahından operativ istifadəni nəzərdə tutulan bənd var.