METBUAT.AZ

Ölkə

"Neçə illərdir bunu gözləyirdim" -

26 İyun 2024 12:49

“32 ildir gözümüz yolda, qulağımız səsdə idi ki, oğlumdan bir xəbər olsun”.

Metbuat.az bildirir ki, bunu Apa-ya açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova deyib. Dursun Qasımova Prezident İlham Əliyevin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalamasına görə dərin minnətdarlığını bildirib.

"Həmin an özümdə olmadım. Bir neçə dəqiqə danışmaq istəmədim. Ağlıma belə gəlməzdi ki, mənim oğluma Milli Qəhraman adı verilsin. Elə bir vəziyyətdə oldum ki, bir anlıq elə bil yuxuda idim. Sevincimi çatdıra bilmirəm. O sevinci gərək yaşayasan. Özüm özlüyümdə Prezidentimizə təşəkkür eləmişəm, var olsun demişəm. Allah ona uzun ömür, can sağlığı versin, Allah var eləsin, Azərbaycan xalqının, dövlətimizin üstündən əksik eləməsin. Çox razı qaldım. Həmişə bizi, yəni şəhid ailələrini üstün tutub. Dünən oğluma Milli Qəhrəman adının verilməsinə görə səhərə qədər yatmamışıq. Çox həyəcan keçirdik. Bu günə çox şükürlər olsun. Artıq bu gün gözlədiyim arzularıma çatmışam".

Dursun Qasımova bildirib ki, neçə illərdi bu adın verilməsini gözləyirmiş:

“Hər dəfə ağlayanda fikirləşirdim ki, oğlumun əməyi itməsin. Ona Milli qəhrəman adı verilsin, sona rahat ölüm. Mən bu illər ərzində nə qədər xəstələndimsə də elə bil Allah məni bu günə görə həyatda saxlayıb. Neçə illərdi mənim gözüm yoldaydı”.

Natiq Qasımovun anası xəbəri qonşudan öyrəndiyini bildirib:

"Bir anlıq həyəcan keçirdim, amma evdə heç kəsə bildirmədim. Bu xəbəri illərdi gözləyirdim. Ona Milli Qəhrəman adının verilməsini eşidəndə elə bil mənə dünyaları verdilər. Bu sevincimizin hədi-hüdudu yoxdur. İndi mən bilmirəm ki, Prezident İlham Əliyevə necə təşəkkür edim. Bu gün mənim oğlumun və bütün şəhidlərin qisası alınıb".

Qeyd edək ki ötən gün Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.


metbuat.az.