METBUAT.AZ

İqtisadiyyat

Neft kəmərlərində itkilər 28%-dən çox artıb

25 İyun 2024 18:53

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft kəmərlərində 0,9 min ton itki olub, bu da illik müqayisədə 28,6% çoxdur.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 0,7 min ton təşkil edib.

Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 9 664 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1,72% çoxdur. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 7 267,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 0,3% çoxdur.

Xatırladaq ki, Ötən il Azərbaycanda neft kəmərlərində 3,8 min ton itki olub, bu da illik müqayisədə 31% çoxdur. 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.


metbuat.az.