METBUAT.AZ

Siyasət

Sərhəddə yenə atəş səsləri -

14 İyun 2024 11:19

"Azərbaycan tərəfi düşmən atəşinin qarşısının alınması üçün bütün imkan və potensiala malikdir. Biz Azərbaycan olaraq, istənilən ssenariyə daim hazırıq".

Bunu Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu addımlar Ermənistan üçün ağrılı nəticələrə gətirib çıxaracaq:

"Ermənistan siyasi rəhbərliyi bir tərəfdən Azərbaycanla kommunikasiyaların açılmasından və sülh sazişinin imzalanmasından danışır. Digər tərəfdən isə Naxçıvan istiqamətində yerləşən mövqelərimizi atəşə tutur. Məntiqə sığmayan bir addımdır. Atəşkəsin pozulması, daha çox Ermənistanın vətən müharibəsinə qədər atdığı addımlara bənzəyir. Həmin illərdə də Azərbaycan tərəfinin qeyd etdiyi bayramlar ərəfəsində belə addımlar atılırdı. İndi Azərbaycan həm Qurtuluş gününü, həm də Şuşa bəyənnaməsinin imzalanmasının 3 illiyini qeyd etdiyi bir vaxtda, Ermənistan tərəfinin açdığı bu atəş onlar üçün intihara bərabər ola bilər".

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən gün səhər və axşam saatlardında, eləcə də, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvandakı mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.