METBUAT.AZ

Media

Sosial media Azərbaycan əsgərindən nə öyrənə bilər? -

25 İyun 2024 23:02

Müstəqil Azərbaycan tarixinin peşə bayramlarından “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” artıq dördüncü ildir ki, milli zəfər zirvəmizin ildən-ilə yüksəldiyini bizə xatırladır.

106 illiyini qeyd edən dövlətimizin hərbi qolu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ilə başladığı qızıl səhifələri Azərbaycanın hər qarışında dövlət bayrağını dalğalandırmaqla davam etdirir. Bununla da XXI əsrdə ilk texnoloji silahlı əməliyyatların necə aparılmalı olduğunu dünyaya göstərir.

Qərb mütəxəssisləri Qarabağ müharibəsinə “precision revolution” - “dəqiqlik inqilabı” kimi istinad etməyə başlayıblar. Hərbi münaqişələrdə texnoloji üstünülyün yaratdığı imkan - minimal dinc əhali itikisi ilə dəqiq zərbələrin endirilməsi indiyə qədər yalnız hərbiyə fövqəlbüdcələr sərf edən fövqəldövlətlərə aid idi. Azərbaycan bu üstünlüyün yalnız fövqəldövlətlərə aid olduğu mifi dağıtdı və strateji düşüncə ilə müharibəni az bir zamanda beynəlxalq humantiar konvensiyalara uyğun qazanmanın mümkünlüyünü göstərdi.

Silahlı Qüvvələrimizin əməliyyatlardakı dəqiq zərbələrini həm də şəffaflıqla nümayiş etdirməsi Ermənistan və onun havadarlarının beynəlxalq miqyasda apardığı qarayaxma kampaniyasının qarşısını alan güclü alət oldu. Fakta pozu yoxdur - müstəqil Azərbaycan beynəlxalq icmanın məsuliyyətli üzvü kimi beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü hərbi münaqişələrə aid beynəlxalq humanitar konvensiyalara uyğun təmiz şəkildə apardığını sübuta yetirirdi.

Göydən qeydə alınan texnoloji dəlilləri yerdə Azərbaycan əsgərlərinin də davranışı təkrarlayırdı - düşmən təslim olduqdan sonra ona zoraklıq göstərməyən, yaralarını sarıyan, erməni əsilli əhali ilə insan kimi davranan, onlara ehtiyacları olan yardımı göstərən hərbiçilərimizin görüntülərini də yaxşı xatırlayırıq. Bu, qarşı tərəfin son otuz ildə sərgilədiyi yırtıcı yanaşmadan fərqli idi. Səbəblərin bəziləri azərbaycançılıq dəyərlərində tapılsa da, digəri XXİ əsrin hərbiçisinin tək silah daşıyan deyil, həm də milli və beynəlxlaq icmanın dinc əhalisinə görə məsuliyyət daşıyan mütərəqqi dünya görüşündədir.

Belə bir orduya məxsusluğumuz və onu bu günkü hazırlıq səviyyəsinə çatdıran qurucu, Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevlə nə qədər fəxr etsək azdır!

Bununla yanaşı, ictimaiyyət kimi özümüzə sual verməliyik - bir vətəndaş kimi mən, Azərbaycan Silahlı Qüvvələrinin sayıq və məsuliyyətli yanaşmasını sərgiləyirəmmi? Ölkənin media məkanına baxdıqda, təəssüf ki, bu cavab əksər hallarda mənfidir. Xüsusilə, virtual məkanda, media tədqiqatçılarının “qlobal kənd” adlandırdığı yerdə şəhərli-kəndli, kişi-qadın, məsum-günahkar, təhsilli-təhsilsiz, inanclı-inancsız səddləri yoxdur. Virtual azərbaycanlı var! Bu ümumi məkanda məsələləri tədqiq və təhlil etmədən biri-birimizi yoxlanılmamış məlumatlar, şaiyələr, önyarğılar, dar düşüncə əsasında anında linçləməkdən çəkinməliyik.

Klaviatura qarşısına növbəti dəfə keçəndə özümüzə sual verək - Azərbaycan əsgəri öz xalqının təhlükəsizliyində durarkən qarşısındakı vətəndaşın etiqadı, mövqeyi, zövqü, hətta keçmiş günahların sorğulayırmı, yoxsa sadəcə peşəkar borcunu vicdanla yerinə yetirib hər birinin keşiyində durur?

Vətəndaşın da buna bənzər borcu var - o, öz xalqını mühakiməsiz və önyarğısız, hər birinin insan haqlarını nəzərə almaqla qorumalıdır.

Qədim yunan filosofu Plato deyirdi ki, başqalarının xoşbəxtliyi üçün çalışanda özümüz də xoşbəxt oluruq. Tək özünü düşünən insan axmaq, tək başqalarını düşünən insan isə bədbəxtdir. Hərşey bir-birinə bağlı, vəhdət olmalıdır.

Azərbaycan Silahlı Qüvvələri doğma torpağımızı vəhdət şəklində bizə qaytardı. Xalqımızın vəhdətini saxlamaq isə hər birimizin borcudur.

Müasir Azərbaycan əsgərindən ibrət dərsi götürək!

Şəfəq Mehrəliyeva
Kommunikasiya və Media müəllimi
ADA Universiteti


metbuat.az.