11 İyun 2024 10:46
Xəbər verdiyimiz kimi, iyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Metbuat.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfərin detalları barədə Metbuat.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib ki, iki ölkənin lideri qarşıdakı günlərdə reallaşacaq mühüm siyasi məsələləri müzakirə ediblər:
“Bu səfər Türkiyə - Azərbaycan, Şuşa ruhu, Türk Dövlətlərinin təşkilatlanması kontekstində mühüm geosiyasi və strateji əhəmiyyət daşıyırdı. Görüşdə Ermənistan - Azərbaycan arasında sülh prosesinə aparan yol, birlikdə izlənilən siyasət nəzərdən keçirilib. Liderlər, Rusiya-Ukrayna müharibəsi, Fələstin-Qəzza məsələsi barədə geniş fikir mübadiləsi aparıblar. İlham Əliyev Misirə sonuncu səfəri zamanı Azərbaycanın bu məsələdə aydın mövqeyini bir daha xatırlatmışdı.
Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusi qeyd edilməklə bərabər, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulanıb. Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti qeyd olunub”.
General hesab edir ki, iki ölkə rəhbəri arasında baş tutan müzakirələr regionun mühüm qərarlar ərəfəsində olduğuna işarə edir. Yücel Karauz onu da qeyd edib ki, yaxın zamanda Prezident İlham Əliyevin Ankaraya bir günlük işgüzar səfərinin nəticələrini görə biləcəyik.
Gülbəniz Hüseynli / Metbuat.az