METBUAT.AZ

İdman

Yaylagül Ramazanova Olimpiya Oyunlarına lisenziya qazandı -

16 İyun 2024 23:37

Azərbaycan Paris - 2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Kamandan Oxatma Federasiyasından məlumat verilib. Bildirilib ki, bu nüfuzlu yarışa növbəti vəsiqəni kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova əldə edib.

Y.Ramazanova 14-17 iyun tarixlərində Türkiyənin Antalya şəhərində baş tutan oxatma üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat Turnirində 1/4 final mərhələsinə yüksəlməklə Olimpiadaya lisenziyanı təmin edib.

İdmançımız 1-ci mərhələdə Qətər təmsilçisi Suha Şayxı 6:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə polşalı Marina Stax üzərində qələbə qazanılıb - 6:2. 3-cü mərhələdə Yaylagül Ramazanova gərgin mübarizə şəraitində hindistanlı Dipika Kumarini 6:4 hesabı ilə məğlub edib. Növbəti mərhələdə digər Polşa təmsilçisi Klaudia Plazanı da üstələyən millimizin üzvü turnirin 8 ən yaxşı idmançısı sırasına düşməyi bacarıb. Bu nəticə ölkəmizə Paris Olimpiadasına növbəti lisenziyanı qazandırıb.

Qeyd edək ki, millimiz turnirdə ümumilikdə beş idmançı (Roman Vengerov, Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Svetlana Simonova və Fatimə Hüseynli) ilə təmsil olunub.

İyunun 16-da keçirilən qadınların şəxsi yarışında Svetlana Simonova birinci, Fatimə Hüseynli isə ikinci mərhələdə mübarizəni dayandırıblar.

Kişi oxatanlarımız Roman Vengerov və Məhəmmədəli Əliyev iyunun 17-də mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.


metbuat.az.