METBUAT.AZ

Gündəm

AA

16 İyul 2024 14:12

“Aşurə günü ilə bağlı istərdim ki, dünya müsəlmanlarına başsağlığı verim”.

Bu sözləri mediaya açıqlamasında Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

“İmam Hüseyn məktəbi bizim üçün dərsdir, yol göstəricisidir, yaxşılıqdır. Onlar haqqın, ədalətin, dinin yolunda şəhid oldular, öz canlarını fəda etdilər. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Çünki xalq olaraq biz bunu daha yaxşı başa düşürük”.

A.Paşazadə 44 günlük Vətən müharibəsinə də toxundu.

“30 il içərisində erməni işğlaçıları bizim torpaqları işğal edəndə, məscidlərimizi, ziyarətgahlarımızı barbar hala salanda, məscidlərimizin içərisində donuz saxlayanda bu islamafob və xalqımıza olan münasibətdir. Allaha şükür ki, 30 ildən sonra ordumuz bu torpaqları azad etdi. Mən bunu ona görə yada salıram ki, biz bu torpaqlar üçün şəhid verdik. Şəhidlərimizin qanı bahasına bu torpaqları azad etdik. Şəhidlər Allah yanında ən yüksək məqamdadır. Bunun üçün də Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Allahşükür Paşazadə deyir ki, bizim ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra ilk dəfədir Aşurəni keçiririk. Şuşada olanda məscidlərlə yanaşı erməni kilsələridə bərpa olunurdu. Ermənilər özlərini xristian adlandırırlar, amma xristian kilsələrini də məhv etmişdilər.

“Ona görə də biz aşurə məktəbindən dərs almalıyıq. Torpağımızı, vətənimizi qorumağı bacarmalıyıq. Bacardıq da. Xalqımız bunu heç vaxt yaddan çıxarmamalıdır. Birinci dəfədir ki, biz Şuşada qazilik məktəbini yaratdıq. Laçın,Kəlbəcər, Zəngilan, Fizuli, Şuşadan olan insanlar var ki, onlar bu məktəbdə dini ayinləri yerinə yetirirlər”.

Şeyx bildirdi ki, onunla birgə burada həm xristian icmasının, həm yəhudi icmasının rəhbəri, həm də katolik kilsəsinin rəhbəri burada iştirak edir.

“Eyni zamanda ictimaiyyət nümayəndələri də buradadır. Bu gün Təzə Pirdən əlavə başqa yerlərdə də qan vermə prosesi gedir. Mən bunu təklif edəndə bəzi dövlətlər buna yan baxırdılar. Amma bu gün görürük ki, qonşu dövlətlər də bu aksiyaya qoşulub. Hətta İran və Türkiyədə də bu gün qanvermə prosesi gedir. Xəstə olan insana həyat vermək, qan vermək çox savab işdir. Allah da buyurub ki, həyat verin. Bu gün həm aşurə günüdür, həm də mənə görə bütün şəhidləri yad etmək günüdür. Allah şəhidlərimizə rəhmət eləsin”.


metbuat.az.