METBUAT.AZ

Mədəniyyət

"Aktyora yeməyə dönər verirlər, bu mənə ağır gəlir" -

25 İyul 2024 15:07

"Mən arzu edirəm ki, dövlət filmləri çəkilsin. Bu sahəyə dövlət səviyyəsində qayğı olsun. Kimdənsə aslı olub film çəkməyin özü də qəbahətdir. Film çox bahalı məhsuldur, ucuz qiymətə keyfiyyətli iş alınmır".

Bunu Metbuat.az-a müsahibəsində Xalq artisti, 75 yaşlı aktyor İlham Namiq Kamal deyib. Həmin müsahibəni təqdim edirik:

İlham müəllim, hazırda hansı işlərlə məşğulsunuz?

Hazırda Musiqili Komediya Teatrında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərirəm. İndi məzuniyyətdəyik. Onunla bərabər Mədəniyyət və İncəsənət Universitenin məsləhətçi professoruyam. Uzun illər kafedra müdiri olmuşam. 2 il bundan qabaq belə məsləhət gördülər ki, həmin kafedranın işlərinə yaxından kömək edim. Həmçinin, Elmi Şuranın üzvüyəm. Ötən gün Teatr Xadimləri İttifaqının 15-ci qurultayı oldu. Xalq artisti Hacı İsmayılov sədr, mən isə sədr müavini seçildim.

Yeni vəzifəniz münasibəti ilə təbrik edirəm. Bir neçə işdə çalışırsınız, bizdə adətən incəsənət insanları gəlirlərinin az olmasından şikayətlənirlər...

Mən həmişə işləmişəm, müəyyən vəsait almışam, bu gün də alıram. İşləyə-işləyə Prezident təqaüdü almışam. Mən bu sahəyə gəlmişəm və nə qismətimdirsə, onu da alıram. Müəyyən insanlar var ki, düşünür qazancım çox olsun. Çox olsun istəyirsənsə, get başqa yerdə işlə. Əgər bu sənəti sevirsənsə, buna qane olmalısan. Bu sənətlə milyonçu ola bilməzsən, amma evini dolandıra bilərsən. Mən heç vaxt artığını istəməmişəm. Mənə elə gəlir ki, hər kəs öz qisməti ilə kifayətlənməlidir.

İncəsənət Universitetində də çalışdığınızı nəzərə alsaq, bunu ən yaxşı siz bilərsiniz. Müstəqillik illərində güclü aktyorlar yetişdirə bilməməyimizdən gileylənirlər, sizcə bunun səbəbi nədir?

Mən deməzdim ki, yaxşı aktyorlar yetişdirə bilmədik, indi də yaxşı aktyorlar var. Sadəcə əvvəl belə idi ki, teatrda işləsək belə, televiziya tamaşalarında çəkilirdik, tamaşaçılar bizi görürdü. Televiziya tamaşaları aktoyru daha məhşur edirdi. Filmlər çəkilirdi. İndi kinostudiya işləmir, hətta “Mozalan” çəkilmir, teletamaşalar yoxdur. Bunlar yox olanda, istər-istəməz tamaşaçılar bilavasitə istedadlı aktyorları görmürlər. Teatrda həftədə ən çox 3-5 tamaşa olur. Orda da olur 300-500 nəfər. Allah eləsin ki, bizim kinostudiyamız yenidən işləməyə başlasın. Televiziyalarımızda yeni-yeni tamaşalar hazırlansın.

Sizi indiki aktyorların peşəkarlığı qane edirmi? Gənc komediya aktyorlarından kimləri bəyənirsiniz?

Əlbəttə, çox istedadlı akyotlar var. Musiqili Komediya Teatında fəaliyyət göstərən Əkbər Əlizadə çox maraqlı aktyordur. Mənim tələbələrimdən Gültac Əlili çox istedadlı aktrisadır. Gülnazə Əzizovanı qeyd edə bilərəm, Səməd Xasıyev çox istedadlıdır. İstedadlı aktyorlar var. Sadəcə onlar üçün şərait yaradılmalıdır.

Sizcə Sovet dönəmində olan aktyorlarla, indiki gənc aktyorlar arasında hansı fərqliliklər var?

İndi aktyor filmə çəkilir, naharda yeməyə dönər alıb verirlər. Bu mənə ağır gəlir. Aktyorun gərək nazını çəkə biləsən, onun beyni təmiz işləsin. Düşünməsin ki, mən bu dönəri yesəm, zəhərlənərəm, ya yox. Hər mənada aktyor rahat olmalıdır. Ona görə də, ucuz ətin şorbası olmaz. Mən gəncləri çox sevirəm. İstəmirəm ki, gənc aktyorlarımız ehtiyac içində olsunlar. Ehtiyac içində olan insan necə xan, padşah rolu oynaya bilər?

Padşah rolu demişkən, bəs sizin xarakterinizə ən yaxın obraz hansı olub?

Bizim işimiz odur ki, ayrı-ayrı xarakterləri tamaşaçılara təqdim edək. Əlbəttə ki, mən həmişə özüm olaraq qalıram. Amma fantaziyada oynadığım obrazın xarakterinə uyğun hərəkətlər tapıram. Onun yerişi, danışıq tərzi, onun dünyagörüşü, pxisologiyası. Ona görə, aktyorluq sənəti çox çətindir. Həyatla oynadığın obraz arasında çox böyük fərq var. Həyatda adi insanam. Bazarlığa, universitetə, teatra gedirəm, axşam tamaşa olur.

Bəs, ən yaddaqalan tərəf müqabiliniz kim olub?

Ən yaddan qalan tərəf müqabilim Nəsibə xanım Zeynalova olub, "Qaynana"da baş rollardan birini canlandırmışam. Qeyr-adi bir istedada malik olan, təkrarsız sənətkar idi. Ona görə, bu gün də mənim üçün xoş xatirə olaraq qalır. Elə bilirəm həmin rola dünən çəkilmişəm.

Həmkarlarınızın adları bəzən mediada müxtəlif qalmaqallarda hallanır. Sənət adamlarının bu cür məsələlərə qarışmağına necə baxırsınız?

Mən həmişə qalmaqallardan uzaq olmuşam. Ancaq öz işimlə məşğulam. Tamaşamı hazırlayıram, rollarımı oynayıram. Qalmaqalla məşğul olmağa vaxtım da yoxdur.

Müasir serial və filmlərimizi izləməyə vaxtınız olur?

Mən arzu edirəm ki, dövlət filmləri çəkilsin. Bu sahəyə dövlət səviyyəsində qayğı olsun. Kimdənsə aslı olub film çəkməyin özü də qəbahətdir. Film çox bahalı məhsuldur, ucuz qiymətə keyfiyyətli iş alınmır.

İlham müəllim, belə bir cümlə oxumuşdum ki, sənətdə ancaq istedadın dəyəri var, başqa heç nəyin. Siz bu barədə nə düşünürsünüz?

İstedad Allah vergisidir. Məsələn, mənə müəllimlərim istedadı verməyib. İstər müəllimlərim Adil İsgəndərov, Rza Təhmasib, istərsə Tofiq Kazımov mənə düzgün istiqamət göstərib. Məsələ bundadır. Mən də çalışıram ki, onların göstərdiyi istiqamətlə irəliləyim. Bugünkü gənclərin də mən heç birinə istedad vermirəm. Allah ona istedad verib. Amma çalışıram düzgün istiqamətləndirim ki, o da düzgün yolla peşəkar kimi inkişaf eləsin.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.