METBUAT.AZ

Ölkə

Atalarının yerinə namizəd oldular -

17 İyul 2024 19:34

Xəbər verdiyimiz kimi, Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb. YAP-ın namizədlər siyahısında iki keçmiş deputatının övladlarının adları var.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, onlardan biri 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən namizəd göstərilən Süleymanlı Mahir Tahir oğludur. O, sabiq deputat Tahir Süleymanovun oğludur. T.Süleymanov 2000-2020-ci illərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisin deputatı olub.

20 saylı Nərimanov ikinci seçki dairəsindən isə Vəliyev Samir Əhməd oğlu namizəd göstərilib. S.Vəliyev Odlar Yurdu Universitetinin rektoru, III və IV çağırış Mili Məclisin üzvü olmuş Əhməd Vəliyevin oğludur.

Bundan başqa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Lent.az-a açıqlamasında səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, qızı Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub: “Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.

***

12 saylı Xəzər birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Maniyeva Aygün Şaitdin qızı da sabiq millət vəkilinin qızıdır. O, keçmiş deputatı Şaitdin Əliyevin övladıdır.


metbuat.az.