METBUAT.AZ

Media

"Azərbaycan media landşaftı üzrə məlumat bazası" təqdim edildi -

16 İyul 2024 13:50

Bu gün Mətbuat Şurasının QHT Agentliyinin dəstəyi ilə reallaşdırdığı "Azərbaycan media landşaftı üzrə məlumat bazası"nın təqdimat mərasimini keçirib.

Metbuat.az-ın məlumatına görə, mərasimdə çıxış edən Mətbuat Şurasının rəhbəri Rəşad Məcid layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, "Media landşaftı üzrə məlumat bazası" Azərbaycan media məkanı və media mühiti barədə aydın təsəvvür formalaşdıran bazadır:

"Bu istiqamət üzrə bütün informasiyaların vahid mənbədə toplanılmasına imkan yaradır ki, Azərbaycan media mühiti barədə detallı və obyektiv bilgi əldə etmək istəyən şəxslər bir mənbəyə daxil olmaqla axtardıqları bütün informasiyaları əldə edə bilsinlər.

Fəaliyyət Azərbaycan Mətbuat Şurası (MŞ) tərəfindən icra olunan "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" adlı layihə çərçivəsində icra ediləcək. Layihənin maliyyə dəstəkçisi Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir".

Şura sədri bildirib ki, Jurnalistlərin Həmkarlar İttifaqı da layihənin icrası üçün metodiki və texniki dəstək verib.

Tədbirdə çıxış edən MEDİA Agentliyinin icraçı direktorun müavini Natiq Məmmədli isə bildirib ki, layihənin icrası media sahəsi üçün çox vacibdir: "Əvvəllər media sahəsində pərakəndə iş görülüb. MEDİA Agentliyi yaradılandan sonra bu sahədə əhəmiyyətli dönüş edilib. Media reysteri yaradılandan sonra dəqiqləşdirmələrə başlandı, pərakəndəlik aradan qaldırıldı. İndi bu sahədə əhəmiyyətli dərəcədə sistemləşmə yaranıb".

N. Məmmədli bildirib ki, Mətbuat Şurasının icrasına başladığı bu layihənin həmçinin beynəlxalq əhəmiyyəti də var: "Azərbaycanın media sahəsində lazım olan məlumatları bu layihə vasitəsilə əldə etmək mümkündü. Bu sahədə lazım olan statistik rəqəmlər və digər məlumatları əldə etmək istəyənlər bu layihədən lazımi səviyyədə yararlana bilər".

Tədbirdə layihə təqdim edildi.

Təqdimatda qeyd edildi ki, Azərbaycan Mətbuat Şurasının rəsmi saytında "Azərbaycan Medai Landşaftı" səhifəsi yaradılıb. Səhifədə Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar, İnformasiyanın etik standartlarını müəyyən edən milli və beynəlxalq sənədlər, Azərbaycanın aparıcı media subyektləri (İnformasiya agentlikləri, Audiovizual media subyektləri, çap mediası subyektləri, onlayn media ), Azərbaycan mediasında gender balansı, I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası adlı bölmələr yerləşdirilib. Həmin bölmələrdə Azərbaycanın medai sahəsindəki qanunvericilik aktları, qaydalar, Qarabağ müharibəsində peşə fəaliyyətini yerinə yetirərkən şəhid olan media nümayəndələri barədə də geniş məlumatlar yer alıb.

Sonda media sahəsində müzakirələr aparılıb.



metbuat.az.