METBUAT.AZ

Siyasət

Azərbaycan-Pakistan

12 İyul 2024 12:27

Xəbər verdiyimiz kimi Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gedib. Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən Pakistan qırıcıları havaya qaldırılıb. Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın bir nömrəli heyətini salamlayıb və müşaiyət edib.

Bilirik ki, Pakistan və Azərbaycan arasında dostluq əlaqələri mövcuddur. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan müttəfiq olan iki ölkə bir-birini qeyd-şərtsiz dəstəkləyir.

İlham Əliyevin Pakistana səfəri çərçivəsində diqqət çəkən əsas məsələ isə qırıcı təyyarələrin dövlət rəhbərinin təyyarəsini müşaiyət etməsi oldu.

Heç bir dövlət başçısına edilməyən jestin İlham Əliyevə edilməsi isə mediada müzakirələrə səbəb oldu.

Mövzu ilə bağlı Mətbuat.az-a açıqlamasında Prezident İlham Əliyevin Pakistana səfərini şərh edən siyasi təhlilçi Aqşin Kərimov deyib ki, Prezident İlham Əliyevin Pakistana dövlət səfəri Azərbaycanla Pakistan arasında inkişaf etməkdə olan koalisiyanın səviyyəsini ölçür.

“Azərbaycanla Pakistanın möhkəm əlaqələri Cənubi Qafqaz, Mərkəzi Asiya ilə bağlı uzunmüddətli geosiyasətdə əsas rollardan birinə yiyələnir.Azərbaycanla Pakistanın əlaqələri Türkiyənin də iştirak etdiyi üçtərəfli təhlükəsizlik və müdafiə blokunun yaradılması ehtimallarını artırır”.

Ekspertin sözlərinə görə, daha geniş regional hadisələr, Azərbaycan, Türkiyə, Pakistanın iştirak etdiyi hərbi blokun yaradılması ehtimallarını gücləndirir. Görülən tədbirlər və aparılan danışıqlar üç ölkə arasında inkişaf edən əlaqələrə diqqət yetirir.

Kərimov Azərbaycan-Pakistan ikitərəfli əlaqələrindən də söz açıb. Onun fikrincə, ikitərəfli tərəfdaşlıq strateji məramları əks etdirir və perspektiv üçün potensial effektlərə işarə edir:

“Azərbaycan-Pakistan münasibətləri təhlükəsizlik və sülh baxımından regional geosiyasətdə əsas rol oynayan tendensiya kimi daha yüksək səviyyəyə yüksələcək. Azərbaycanla Pakistan arasında İlham Əliyevin səfəri çərçivəsində imzalanan sənədlər də bunu sübut edir. Bu, sülhün, təhlükəsizliyin təminində nəticə əsaslı məsuliyyət bölgüsündə Pakistanın da səylərini artıracaq”- ekspert sonda bildirib.

Saytımıza danışan digər ekspert Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycan prezidentinin Pakistana səfərində əsas önə çıxan fərqli nüans onun başqa ölkələr kimi qarşılanmaması oldu.

“Hərbi təyyarələr ilə dövlət başçısını müşaiyət eləmək göstərdi ki, bu, İlham Əliyevə həm sərkərdə, həm qalib dövlət rəhbəri, həm də hərbi strateji tərafdaş kimi münasibətdir”.

Ə.Əlibəyli sonda bildirib ki, Qırıcı təyyarələr ilə müşaiət məsələsinə gəldikdə isə burada hərbi aspekt önə çıxır. Azərbaycan Pakistan hərbi əməkdaşlığı müdafiə sənayesi sahəsində daha da dərinləşəcək.

“Bu hadisə eyni zamanda onu göstərdi ki, Pakistan hərbi baxımdan Azərbaycanın yanında olması mesajını verir. Bu, Ermənistanı silahlandıran Hindistana Avropa ölkələrinə və ABŞ-ə də cavabdır”.

Mədinə Zaur.


metbuat.az.