METBUAT.AZ

Siyasət

Azərbaycanın Zəfəri Türk dünyasında birlik mühitini möhkəmləndirib -

14 İyul 2024 09:02

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə Türk dünyasında birlik mühiti möhkəmlənib.

Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, bu fikri iyulun 13-də Ankara Strateji Düşüncə İnstitutunda (SDE) Türkiyənin Silahlı Qüvvələrinin Kiprdə sülhün bərpa edilməsi əməliyyatının 50 illik yubileyinə həsr olunmuş dəyirmi masada Türkiyə - ŞKTC Parlamentlərarası dostluq qrupunun sədri Orxan Ərdəm bildirib. Onun sözlərinə görə, yaranmış mühit Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyətinə müşahidəçi statusunu verməsi barədə qərarda da öz əksini tapıb.

Ərdəm Azərbaycan Milli Məclisinin ŞKTC ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması qərarını yüksək qiymətləndirib, TDT çərçivəsində dialoqun əhəmiyyətini qeyd edib.

“Lefkoşa ilk dəfə olaraq ŞKTC konstitusiyasında əks olunan adla müşahidəçi kimi tanınıb. Bu, çox vacibdir”, – deyə türkiyəli millət vəkili qeyd edib.

Parlamentlərarası dostluq qrupunun rəhbəri vurğulayıb ki, Lefkoşanın tanınma səviyyəsindən asılı olmayaraq, ŞKTC-nin mövqeyi yalnız güclənəcək. “Türkiyə güclü olduğu və ölkəmiz Lefkoşanı dəstəklədiyi müddətcə bu güc qalacaq. Ümid edirəm ki, ŞKTC-nin tanınması məsələsində sürətli addımlar atılacaq”, - deyə Ərdəm bildirib.

ŞKTC-nin Ankaradakı səfiri İsmət Korukoğlu da Türkiyə millət vəkilinin mövqeyi ilə razılaşıb.

“ŞKTC inkişaf etmiş qurumlara malik müasir dövlətdir. Biz ölkəmizin maraqlarının dünyada təbliğini əhəmiyyətli hesab edirik. Lefkoşa müvafiq Yol Xəritəsi işləyib hazırlayıb”, - deyə diplomat bölüşüb.


metbuat.az.