METBUAT.AZ

Siyasət

"Biz hələlik heç kimin köməyini istəmirik və gözləmirik" - Azad İsazadə

11 İyul 2024 14:54

Xəbər verdiyimiz kimi dünən Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilib.

Görüşdə müzakirə olunan məsələlər isə diqqət mərkəzindədir. Bəs Azərbaycanın NATO sammitinə qatılması nəyi göstərir? Bayramov-Blinken-Mirzoyan görüşü nəyi dəyişdirə bilər? Azərbaycan Şərqə yoxsa Qərbə yönəlir?

“Dünən Ermənistan və Azərbaycan XİN rəhbərləri NATO sammitinin və təşkilatın 75 illik yubileyinin qeyd olunduğu Vaşinqtonda idilər”.

Bu sözləri deputat Arzu Nağıyev metbuat.az-a açıqlamasında bildirdi.

Arzu Nağıyevin sözlərinə görə iyulun 10-da keçirilən görüşdə müzakirə aparılan əsas mövzu sülh müqaviləsinin imzalanması məsələsi oldu. Ümumiyyətlə sülh müqaviləsi ilə bağlı həll olunmamış məsələlərin sayı azalıbvə yeni layihə Azərbaycana göndərilib:

“Amma bu, o demək deyil ki, tam hazırdır. Azərbaycan öz öhdəliyinə sadiqdir və bütün zəruri addımları atmağa hazırdır. Lakin Ermənistan konstitusiyasında və digər sənədlərdə qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları var”.

Deputat qeyd edir ki, Ermənistanın əksinə Azərbaycan konstitusiyasında qonşu dövlətlərə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur. ABŞ cidd-cəhdlə beynəlxalq bir format yaratmaq istəyir. Çünki ATƏT-in səriştəsizliyindən sonra heç bir beynəlxalq format yoxdur, sadəcə, ayrı-ayrı vasitəçi cəhdləri var.

Əlavə edir, Bayden çalışır ki, seçkilərə qədər addım atsın və müəyyən imic formalaşdırsın. Paralel olaraq da istəyir ki, Rusiyanın sülh missiyasının qarşısını alsın. Çünki İsrail-HƏMAS və ya Ukrayna-Rusiya müharibəsinin sonu görsənmir. Ona görə də ABŞ üçün ən yaxşı variant Azərbaycan-Ermənistan arasındakı sülh məsələsidir. Azərbaycan isə düşünülmüş bir siyasət aparmaqla müstəqil daxili və xarici siyasətə malik olduğunu göstərir. Rəsmi Bakı da qərarları buna uyğun verəcək.

“Aydındır ki, Azərbaycan NATO ilə əməkdaşlığı davam edəcək, amma hələlik NATO təşkilatı ilə üzv olmağa bizi dəvət etmirlər”.

Bu sözləri saytımıza hərbi-siyasi ekspert Azad İsazadə deyib.

Ekspertin sözlərinə görə, NATO-nun üzvü olmaq üçün də həddindən artıq istək göstərmirik. Ona görə də əməkdaşlıq davam olunur və bu əməkdaşlığın rəmzi kimi Ceyhun Bayramov dünənki sammitdə iştirak etdi. Amma nə Azərbaycan İlham Əliyev, nə də Paşinyan bu sammitə qoşulmadı, halbu ki onlar da dəvət olunmuşdular.

“Bu onu göstərir ki, Azərbaycan və Ermənistan istəmir ki, hansısa üçüncü qüvvə bizim sülh prosesinə müdaxilə etsin. Vaşinqtonda Blinken-Bayramov-Mirzoyan sülh prosesini müzakirə ediblər. Hətta Blinken istəyərdi ki, müqavilə Vaşinqtonda imzalansın. Ya da Vaşinqtonun nəzarəti altında imzalansın. Bizim bu barədə mövqeyimiz birmənalıdır. Biz hələlik heç kimin köməyini istəmirik və gözləmirik”.

A.İsazadə deyir ki, hətta Qazaxıstandan böyük dövlətlər də sülh müqaviləsinin imzalanması prosesində daha neytral mövqedə dayanmalıdır. Şərq məsələsinə gəldikdə isə Çinlə strateji partnyorluq haqqında müqaviləsi bağladıq və razılaşma əldə etdik. Amma bu, o demək deyil ki, biz Şərqə və ya Qərbə gedirik. Biz faktiki Şərq ilə Qərbin arasında olan bir dövlətik. Aydındır ki, nə şərqdən imtina edə bilərik, nə də qərbdən. Bu iki mühüm siyasi mərkəzləri iqtisadi baxımından birləşdirən dövlət ola bilərik.

Politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Bayramov-Blinken-Mirzoyan görüşü Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar prosesinin bir hissəsidir. Ona görə də bunun Azərbaycanın geosiyasi seçimi ilə birbaşa bağlantısı yoxdur.

“Azərbaycan hazırda obyektiv səbəblərdən Şərqə, subyektiv səbəbdən Qərbə gedə bilmir. Enerji layihələri Azərbaycan iqtisadiyyatının Qərb iqtisadiyyatına intiqrasiyasına səbəb olduğu üçün Qərbdən üz çevirib, Şərqə getməsi mümkün deyil. “Şərqə dönüş”ün Rusiya iqtisadiyyatını necə dağıtdığı isə hər kəsin gözü önündədir. Cəmi iki il əvvələ qədər Avropanın qaz bazarının 40 faizinə sahib olan “Qazprom” iflas etməkdədir. Ötən ili 7 milyard dollar zərərlə başa vurub. Rusiyanın digər böyük şirkətləri oxşar vəziyyətdədir. Bu aqibət Şərqə doğru dönüş edən hər bir dövləti gözləyir. Bakıda bunu çox yaxşı bilirlər. Ona görə Şərqə dönüş etməzlər”.

Ekspert sonda vurğulayır ki, Azərbaycan Qərb blokuna da intiqrasiya etmək istəmir. Çünki, bu zaman demokratik seçkilər, hakimiyyət müddətinin məhdudlaşdırılması, insan haqqları və digər məsələlər gündəmə gələcək. Hələlik Azərbaycan Qərblə Şərq arasında var-gəl etməklə məşğuldur. Amma qısa müddət, bir il və ya ən uzağı iki il sonra ciddi seçim etmək məcburiyyətində qalacaq.


metbuat.az.