26 İyul 2024 03:19
Prezident İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşada iyulun 20-22-də keçirilmiş 2-ci Qlobal Media Forumunun açılışında səsləndirdiyi fikirlər Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən Metbuat.az-a bildirilib ki, dərc edilmiş məqalələrdə Prezident İlham Əliyevin ölkəmizin gələcəyi, Cənubi Qafqaz regionu, enerji məsələləri, o cümlədən yaşıl keçid və qarşıdan gələn COP29 ilə bağlı səsləndirdiyi fikirlərə ətraflı yer verilib.
Prezident İlham Əliyevin sözlərinə istinadən, Azərbaycanın təşəbbüsü ilə başladılmış Ermənistanla normallaşma və sülh danışıqlarında ötən müddət ərzində əsaslı irəliləyişə nail olunduğu, lakin Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ərazi iddialarını təcəssüm etdirən ATƏT-in Minsk Qrupunun ləğvi üçün müraciət, eləcə də bu ölkənin konstitusiyasına dəyişiklik etməklə bağlı fəaliyyətsizliyinin irəliləyişə mane olduğu açıqlanır.
Məqalələrdə Forum zamanı dövlətimizin başçısının azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramının uğurlu icrasından və bu xüsusda mövcud maneələrdən bəhs etdiyi bildirilir. Genişmiqyaslı mina probleminin azad edilmiş ərazilərimizin sürətli reabilitasiyasına ciddi maneə olduğuna diqqət çəkilməklə, Ermənistanın səhih mina xəritələrini verməsinin və beynəlxalq ictimaiyyətin dəstəyinin prosesi xeyli sürətləndirə biləcəyi qeyd edilir.
Milli müxtəliflik və reinteqrasiya məsələləri xüsusunda Azərbaycan liderinin harmonik birgəyaşayışın Azərbaycan kimliyinin mərkəzində dayandığı, İkinci Qarabağ savaşından sonra yerli erməni əhalisini yenidən inteqrasiya etməyə çalışdığı, lakin bu səylərin Ermənistanın müqaviməti ilə rastlaşdığı ilə bağlı fikirlərinə yer verilib. Habelə XX əsr boyu, xüsusən 1980-ci illərin sonunda Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq istəyində olduqları və bu problemin həllinin beynəlxalq diqqət və fəaliyyət tələb etdiyi qeyd olunur.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Prezidentinin bu mötəbər tədbirə nəticəyönümlü yanaşmaya əsaslanan səmərəli hazırlıq işlərindən bəhs etdiyi, COP29-un əsas aspektlərini vurğuladığı bildirilir. COP29-un həmrəylik tədbiri olmağı hədəflədiyi, inkişaf edən Cənubla inkişaf etmiş Şimal arasında körpülər qurulduğunu söylədiyi bildirilir. Habelə dövlətimizin başçısının Azərbaycanın bərpaolunan enerji sahəsində əldə etdiyi əsaslı tərəqqi ilə bağlı fikirlərinə yer verilir.
Məqalələrdə Prezident İlham Əliyevin əsas mesajının hamı üçün dinc və daha yaxşı gələcəyə ümid və əminlikdən ibarət olduğu, bunun isə regionda və ondan kənarda bütün ölkələrdən səmimi səylər tələb etdiyi vurğulanır.