METBUAT.AZ

Gündəm

Bu səfər nə zəncir var, nə də qan - REPORTAJ

16 İyul 2024 17:22

İlk dəfə idi ki, belə izdihamlı dini mərasimə yaxından şahidlik edirəm.

Redaksiyadan gələn tapşırığa əsasən aşurə günü ilə bağlı Təzə Pir məscidinə yola düşdüm. Hələ oraya çatmamış məsciddən gələn səsləri 2 küçə əvvəldən eşidirdim. Elə bu an uşaq vaxtı gecə haradansa qayıdarkən yolun kənarında əllərində zəncirlər və yaşıl bayraqla məscidlərə gedən insanları xatırladım.

Sadəcə bu qədər zaman sonra arada bir fərq var idi. Əllərində zəncir və bayraq olmayan insanlar... Böyük bir kütləni izləyib pilləkənlər ilə məscidin həyətinə daxil olarkən insan izdihamı ilə qarşılaşdım. Yüksək səs ilə oxunan ağılar dörd bir yanı bürümüşdü. Demişdim axı, hələ buraya çatmamış eşidirdim bu səsləri...

Səslər isə həyətdəki insanları ağlatmağa bəs edirdi. Ətrafı gözdən keçirdim. Nəzir paylayan vətəndaşlar, əlləri ilə sinəsini döyən şəxslər, əlilliyi olanlar, ağlayan qadınlar, konfet paylayan uşaqlar, “Ya Hüseyn” deyərək qışqırqan və hər kəsi ona qoşulması üçün səsləyən şəxs...

Müşahidə elədim. Neçə əsr bundan əvvəl olan bir hadisəyə insanların yanaşma tərzini, gözlərindəki yaşları izlədim. İnsanların bu ağrını öz ürəklərində hələdə yaşatması isə biraz da olsa qəribə gəldi. Tanrı həqiqətənmi bunu buyururdu? Mən bildiyim qədəri ilə yox. Yas saxlamağın belə düzgün olmadığını buyuran Allah, neçə əsrdirki göy üzündən bu ağlar günü izləyir.

Məsciddə qanvermə aksiyasının olduğu yerə yaxınlaşdım. Elə özüm də qan vermək istəyirdim. Məqsədim isə Aşura günü yox, xəstə şəxslərə biraz da olsa kömək olmaq istəyim idi. Ölkəmizdə verilən bəlkə də ən düzgün qərarlardan biri də elə budur. İllər əvvəl sinələrinə, başlarına zəncirlə döyənlər indi bu otaqda qan verir. Onlarla həkimin müşaiyəti və yoxlamaları əsasında kiçik yoxlanmadan sonra insanlar digər otağa daxil olub qan verməyə başlayırlar. Yaşlı, cavan, kişi, qadın demədən hər kəs qan verirdi. Hətta çəkilişə gələn media nümayəndələri də.

Təəssüf ki, özümdən başqa. Qan vermək arzusu ilə daxil olduğum otaqdan, qan vermədən çıxdım. Nə qədər israr etsəm də, həkimlər sağlamlıq baxımından icazə vermədilər. Beləcə bir arzumu da yerinə yetirə bilmədim.

Kənarda üzərində şirniyyatlar və çay qoyulan kiçik stol diqqətimi çəkdi. Qan verən şəxslər prosesdən sonra buraya yaxınlaşıb çay içirdilər. Qan verməsəm belə jurnalist olduğumu öyrənib, məni süfrəyə dəvət etdilər. Çay və şirniyyat təklif etdikləri zaman isə elə fürsətdən istifadə edib qan verən şəxslərlə həm söhbət oldum. Onlar özünü çox yaxşı hiss edir, Azərbaycanda müəyyən xəstəliklə savaşan və qana ehtiyyacı olan şəxslərə kömək olduqları üçün xoşbəxt hiss edirdilər. Həkimlər və tibb bacıları yeni qan vermiş şəxslərə həmin zalı tərk etməməyi göstəriş verirdilər. Səbəbini soruşduğumda isə yenicə qan verən şəxslərin günə çıxmamalı və oradaca şirin qida qəbul etməli olduqlarını dedilər. Təşəkkür edib oradan ayrıldım.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinə yaxınlaşıb oradakı prosesi izləməyə başladım. Bu səfər burada jurnalistlərin izdahımı ilə qarşılaşdım. Hər kəs Şeyxi gözləyirdi. Saat 12:00-da Şeyx və digər şəxslər qanvermə aksiyasına qoşulacaqdı. Həm yəhudi icmasının rəhbəri, həm katolik icmasının rəhbəri, həm də provaslav icmasının rəhbəri də Şeyxlə bərabər qan verirdilər.

Müşahidələrim nəticəsində gəldiyim qərar bu oldu ki, illər sonra hər şey daha yaxşı idi... Ən azında bu səfər nə zəncir var idi, nə də insan bədənindən axan qanlar...

Belə, irqindən və milliyətindən asılı olmayaraq Allah dünyadakı bütün şəhidlərə rəhmət eləsin!


Mədinə Zaur/Metbuat.az


metbuat.az.