METBUAT.AZ

Siyasət

Bülbüloğlu bu bölgədən namizəd olur

25 İyul 2024 14:16

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri barədə danışıb. O, Rusiya mətbuatına müsahibəsində bildirib ki, Şuşadan deputat olmaq böyük şərəfdir. "Şuşalılar məni parlamentdə öz nümayəndəsi seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm", - diplomat qeyd edib.

Metbuat.az Modern.az-a istinadən bildirir ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq.

Saytımızın sorğusuna cavab olaraq 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər. Bildirilib ki, o, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən, həmçinin Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağının da namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomat 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilib.


metbuat.az.