15 İyul 2024 16:52
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Metbuat.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən Zahir Əsgərov verilmiş ittihamla təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, gəmi kapitanı Əsgərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xüsusi əməliyyatla həbs olunub. İttihama görə, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən 42 yaşlı Z.Əsgərov maddi maraq müqabilində xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib və onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də həmin xarici ölkədə xüsusi xidmət orqanı nümayəndələri ilə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.