METBUAT.AZ

Elm və Təhsil

DİM hərbi liseylərə qəbul imtahanı keçirir

21 İyul 2024 09:01

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirir.

DİM-dən Metbuat-a bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

-Şəxsiyyəti təsdiq edən sənədin əslini;

-İmtahana buraxılış vərəqəsini.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar edilən abituriyentlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar.


metbuat.az.