22 İyul 2024 10:54
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
İdarədən Metbuat.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi hallarına rast gəlinir. Avtonəqliyyat vasitələrinin idarə olunmasında yol verilən bu kimi səhlənkar davranış təəssüf ki, növbəti dəfə insan həyatına son qoyub.
Belə ki, bir neçə gün əvvəl Laçın rayon sakini, 64 yaşlı Qoşmalı Yusifov idarə etdiyi «Mercedes» markalı avtomobillə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı və 16 yaşlı nəvəsi hadisə yerində həyatlarını itiriblər".
Məlumatda qeyd edilib ki, sürücülərin istirahət etmədən yuxusuz halda sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır"- deyə məlumatda bildirilib.