METBUAT.AZ

Sosial

Ekoloji dünyagörüşünə malik insanları necə yetişdirməliyik? -

10 İyul 2024 17:00

Yaşadığımız cəmiyyətdə bir çox hallarda insanların təbiətə laqeyd münasibətinin şahidi oluruq. Heyvanlara qarşı kobud davranışlar, dənizin və çimərliklərin çirkləndirilməsi, ağacların kəsilməsi və s. kimi halların tez-tez şahidi oluruq.

İnsanların ekologiya və ətraf mühit məsələlərinə daha həssas yanaşması, bu istiqamətdə maarifləndirilməsi üçün hansı addımlar atılmalıdır? Cəmiyyətdə insanların ekoloji dünyagörüşünün yüksək olması üçün nələr etmək faydalı olar?

Mövzu ilə bağlı deputat Fazil Mustafa Metbuat.az-a danışıb. O bildirib ki, təkcə ekoloji dünyagörüşü olan insan yox, mədəni dünyagörüşü yüksək olan insanlar yetişdirilməlidir:

"Mədəni dünyagörüşü olan insan mədəni mühitin yaranmasında maraqlı olur - istər öz yaşadığı ərazidə, istər təbiətlə ünsiyyətində, istər verilən nemətlərə münasibətində. Bizdə mədəni problemlər daha çox qabardıldığına görə, dəniz sahilini rahatca çirkləndirə, dənizi hasarlaya bilirik. Dənizdən istismar etdiyimiz nemətlərin dəyərini bilmirik, sanki dənizi çirkləndirmək üçün yarışa girmişik".

Deputat bildirib ki, toplumda insanların təbiətə və istirahətə olan münasibəti də normal deyil:

"Biz elə bilirik ki, bir meşəyə, təbiət qoynuna getdinsə, orada həyat kabab yeməkdən ibarətdir. Dərhal samovar qurub, kabab çəkirik. Amma təbiət həm də düşünmək üçündür, onun sirrlərini öyrənmək üçündür. Biz bu çağırışa göz yumuruq, əsas diqqəti yeməyə yönəldirik. Təbiətdə vaxt öldürmək ənənəsi bizdə çox yayılıb. Bu, bizim ekoloji dünyagörüşümüzə də təsirini göstərib. Ona görə də, ağacları, yaşıllıqları qorumaq instinktimiz zəifdir, təbiətə qarşı laqeydik".

Mövzu ilə bağlı fikirlərini bildirən ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, ekoloji dünyagörüşü hələ məktəbəqədər yaşlardan formalaşmalıdır:

"Bütün canlılara qarşı mərhəmət və sevgi hissi aşılanmalıdır. Çox təssüf ki, bu, belə deyil. Bizdə hələ də çaqqal, ilan, tülkü, yarasa kimi heyvanlara qarşı bir nifrət hissi var, quşlar haqqında biliklərimiz çox azdır, bəzən onlara zərərvericilər kimi baxırıq. Təhsilin ən mühüm mərhələsi olan orta məktəb illərində insanlarda bu sahəyə aid düzgün biliklər formalaşdırılmalıdır.

Bədii ədəbiyyatın təsiri çoxdur bu istiqamətdə. Ali məktəblərə də iş düşür. Müəllimlik ixtisaslarında ekoloji şöbə yaradılması üçün kifayət qədər kurslar olmalıdır. İstər tarix, istər fizika, istər riyaziyyat - bütün ixtisaslarda ekologiya, ətraf mühit dərslərə geniş tədris olunmalıdır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 23 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabrda Azərbaycanda keçiriləcək.

Cavidan Mirzəzadə / Metbuat.az


metbuat.az.