17 İyul 2024 20:47
Cari ilin ilk altı ayı ərzində qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 28,2, hərbi xidmət əleyhinə olan cinayətlər 25,2, qeyri-hərbi cinayətlər isə 31,2 faiz azalıb.
Metbuat.az xəbər verir ki, bu, Hərbi Prokurorluğun 2024-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında qeyd olunub.
İclasda hesabat məruzəsi ilə çıxış edən hərbi prokuror vəzifəsini müvəqqəti icra edən hərbi prokurorun müavini ədliyyə general-mayoru Şəfahət İmranov bildirib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 98,6 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizinin üstünün açılması təmin edilib.
Qeyd olunub ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 75, özünü öldürmə həddinə çatdırma cinayətləri 80, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 3,2, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkət cinayətləri 23,2, hərbi xidmətdən yayınma cinayətləri 31,4, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 90,9, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 və rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri 58,6 faiz azalıb.