20 İyul 2024 10:43
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək "Qlobal Media Forumu"nun iştirakçılarını gətirən təyyarə Füzuli Beynəlxalq Havalimanında yerə enib.
Metbuat.az xəbər verir ki, buradan isə qonaqlar onlar üçün ayrılmış xüsusi avtobuslarda Şuşa şəhərinə yola düşəcək.
Qeyd edək ki, 20-22 iyul tarixlərində təşkil olunacaq forumun işində 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndəsinin iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Media Forumunun açılış mərasimində Prezident İham Əliyev iştirak edib.
***
10.30
“Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici media nümayəndələrini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına yola düşüb.
Metbuat.az xəbər verir ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.
Forum çərçivəsində 4 panel sessiya - “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.