31 İyul 2024 15:20
10 yaşlı Nərmin cinayəti ilə bağlı məhkum edilmiş İlkin Süleymanovun şikayəti üzrə məhkəmə baxışı başa çatıb.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.
Rafiq Cəfərovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, bu iş üzrə birinci instansiya məhkəməsinin qərarı qanunidir.
Qərara əsasən, İ.Süleymanovun və zərərçəkmiş tərəfin şikayətləri təmin edilməyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 il azadlıqdan məhrumetmə hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, hadisə 2020-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib.
İttihamda deyilir ki, İlkin Süleymanov oğurladığı 10 yaşlı Nərmin Quliyevanı xüsusi amansızlıqla öldürüb, izi itirmək üçün cəsədini yandırıb.
İ.Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrlə təqsirli bilinib.