16 İyul 2024 15:37
2023-cü ilin yanvarın 27-si Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb.
Amma Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində 15 iyul tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.
Bu isə o deməkdir ki, Azərbaycan – İran arasındakı münasibətlər yenidən öz axarı ilə irəliliyəcək.
Mövzu ilə bağlı Metbuat.az-a danışan politoloq Tural İsmayılovun sözlərinə görə, İranla Azərbaycan arasındakı münasibətlərdə artıq kifayət qədər pozitiv tendensiyalar müşahidə edilir.
“Ən azından son dövrlər hər iki tərəfdən müəyyən müsbət açıqlamaların verildiyini müşahidə edirik. Eyni zamanda müxtəlif ekspert camialarında İran prezidenti Məsud Pezeşkianın seçilməsindən sonra da son aylarda müşahidə edilən Azərbaycan-İran münasibətlərindəki pozitiv məcranın davam edəcəyi vurğulanırdı. Hər halda Azərbaycan səfirliyinin yenidən İranda fəaliyyətə başlaması, həmçinin İranla Azərbaycan arasındakı Azərbaycanın səbəb olmadığı soyuq münasibətlərin aradan qalxması üçün artıq yeni imkanlar formalaşıb. Biz bunu çox açıq şəkildə müşahidə edirik”.
Politoloq deyir ki, bu tendensiya iki ölkə münasibətlərində yeniliklərin yaranmağına səbəb olur. Əvvəl-axır Azərbaycanla İran arasında səfirliyin bərpası fonunda münasibətlərin yenidən qurulması gözlənilən idi.
"Baxmayaraq ki, bu gün İranın bəlli siyasi dairələri Azərbaycana qarşı münasibətdə səmimi mövqelər ortaya qoymur. Məsələn, İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin açıqlamaları Azərbaycan əleyhinədir. İranın ayrı-ayrı hökumət qurumları və müəyyən məmurlar var ki, onlar Azərbaycan və Türkiyə əleyhinə İran mediasındakı ritorikalarını dayandırmırlar. Amma diplomatik anlamda dövlətlərarası münasibətlərdə bir yaxşılaşma tendensiyası sezilir" – deyə, Tural İsmayıl sonda bildirdi.
Millət Vəkili Fazil Mustafanın sözlərinə görə, İranda Azərbaycan səfirliyinin yenidən bərpa olunması müsbət bir haldır. Bu İranla münasibətlərimizin müəyyən qədər inkişafına daha yaxşı təsir göstərə bilər.
“Çünki, indiyə qədər ki proseslər gərginliyin qalmasının əsas səbəblərindən biri idi. Bu, həm də birbaşa rəsmi İran ilə də dialoqumuzun olması baxımından faydalıdır. Ümid edirəm ki, bundan sonra belə insidentlər yaşanmaz. İran dövləti də artıq öz məsuliyyətini anladı ki, Azərbaycana qarşı bu formada təxribatlara yol vermək olmaz.
F.Mustafa sonda qeyd etdi ki, səfirliyimizin mühafizə işlərinin daha yüksək səviyyədə qurulmasını həm İran hökumətindən tələb etməliyik, həm də özümüz bu məsələyə xüsusi diqqət ayırmalıyıq. Hesab edirəm ki, bundan sonra münasibətlərin belə zədələnməsinə imkan verəcək addımlar atılmayacaq.
Mədinə Zaur/Metbuat.az