1 İyul 2024 13:51
Kütləvi informasiya vasitələrinin missiyası
Əvvəlki məqaləmizdə qeyd etmişdik ki, beynəlxalq sənədlərdə məişət zorakılığına qarşı mübarizəni təşviq edən müddəalar gender bərabərliyini stimullaşdıran, həmçinin, qadınlara qarşı ayrıseçkiliyi pisləyən tezislərlə paralel şəkildə işlədilir. Nümunə olaraq göstərmişdik ki, 1981-ci ildə qüvvəyə minmiş “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya”nın (CEDAW) əsas mətnində qadınlara qarşı ayrıseçkilik, məişət zorakılığı və gender bərabərliyi ilə bağlı ifadələr müştərək şəkildə ifadə olunub.
Kütləvi informasiya vasitələrinin məişət zorakılığı mövzusuna yanaşmasını ehtiva edən sənədlər də bu qəbildəndir. Həmin sənədlərdə qeyd edilir ki, media subyektləri həm məişət zorakılığı üzrə hadisələrə, həm gender bərabərliyi mövzusuna, həm də qadınlara qarşı ayrıseçkiliyin yolverilməzliyi prinsipinə eyni prizmadan yanaşmalı, streotiplərdən kənar durmalı, peşəkar davranmalıdır.
Beynəlxalq təşkilatlar gender bərabərliyinin təşviq edilməsi, həmçinin, məişət zorakılığının qarşısının alınması üzrə son illər ərzində qəbul etdikləri proqramlarda medianın roluna ciddi önəm verirlər. Avropa İttifaqının “2010-2015-ci illər üzrə Qadın və kişilər arasında bərabərliyə dair Strategiya”sında deyilir: “Pluralizmin, qeyri-diskriminasiyanın, qeyri-zorakılığın, tolerantlığın, ədalət və həmrəyliyin, qadınlar və kişilər arasında bərabərliyin üstün tutulduğu cəmiyyətin qurulması bizim hədəfimizdir. Hədəflərimizin cəmiyyətə düzgün çatdırılmasında media əvəzsiz rola malikdir” (https://eur-lex.europa.eu/EN/legal-content/summary/strategy-for-equality-between-women-and-men-2010-2015.html). Sənədin mətnində bu tezis bənzər formada bir neçə dəfə təkrarlanaraq, həm gender bərabərliyinin təmin olunmasında, həm ayrıseçkiliyin pislənilməsində, həm də zorakılığa qarşı mübarizədə medianın rolunu qabardır.
Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması haqqında Konvensiya”sında qeyd edilir ki, məişət zorakılığı ilə mübarizədə istifadə edilməsi zəruri olan elementlərdən biri də kütləvi informasiya vasitələridir. Konvensiyada irəli sürülən ideya budur ki, KİV müstəvisində məişət zorakılığına qarşı mübarizə üzrə düzgün maarifləndirmə və məlumatlandırma işi aparmaqla, problemin həllinə yardım göstərmək mümkündür” ( https://rm.coe.int/ic-explanatory-ic-aze-web/16808e9a39 ). KİV-in məişət zorakılığına qarşı mübarizə mövzusunda verə biləcəyi töhvələr barədə qeydlər digər beynəlxalq sənədlərdə də əks edilib.
Medianın funksional fəaliyyətində zorakılığa münasibət
Beynəlxalq hesabatlarda vurğulanır ki, kütləvi informasiya vasitələri qeyri-peşəkar davranarlarsa, məişət zorakılığı ilə mübarizə prosesinə zərər verə bilərlər. Qeyd edilir ki, KİV-lər bəzən məişət zorakılığına məruz qalmış şəxslərin hekayələrini sensassiya yaratmaq, özlərinə auditoriya cəlb etmək naminə kontekstdən çıxarırlar, yanlış şəkildə şərhlər verirlər. Bəzi məqalələrdə isə mövcud streotiplərə dayanaraq, hətta qadınların zorakılığa məruz qalmalarına haqq qazandırılmasına təşəbbüs göstərilir. İnsidentin real səbəbləri bir kənara qoyularaq, baş verənlərə görə qadınların günahkar göstərilməsinə cəhd edilir.
Avropa Şurasının "Kütləvi informasiya vasitələrinin yeni anlayışına dair" 7 saylı tövsiyəsində çağırış edilir ki, "Media materiallarını hazırlayanlar, redaktə edənlər və yayanlar ayrıseçkilik və stereotiplərlə mübarizəyə yönələn təşəbbüslərə dəstək verməklə,gender bərabərliyini təşviq etsinlər". Media işçiləri, jurnalistlər və digər xəbər istehsalçıları qadın və kişilərin obrazının qərəzsiz, stereotiplərdən kənar şəkildə təqdim edilməsinə görə cavabdehlik daşıdıqlarını bilməlidirlər.
Avropa Şurasının Nazirlər Komitəsi təklif edir ki, mediainsan hüquqlarının prinsiplərindən biri kimi gender bərabərliyinə hörmətlə yanaşsın, bu sahədə mövcud olan streotiplərin dağıdılmasına töhvələr versin.
Media baş verən hadisələrin ictimaiyyətə çatdırılmasına xidmət edir. Ancaq hadisə barədə xəbərin nə qədər düzgün və doğru çatdırıldığı bəzi hallarda sual altına düşür. Beynəlxalq təşkilatlar xətaların qarşısını almaq üçün təlimatlar hazırlayırlar. Bu təlimatların əsas tələblərindən biri budur ki, jurnalistlər məişət zorakılığı zəminində baş verən hadisələrin yayımı zamanı etik çərçivələrə əməl edilməlidirlər ( https://presscouncil.az/az/code-of-professional-ethics-for-journalists-in-azerbaijan ). Yəni rekord baxış, yaxud oxunma əldə etmək üçün qadının alçaldıldığı, zorakılığa məruz qaldığı, cinsi münasibət zamanı çəkilən görüntüləri paylaşılmamalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının, Media Haqqında Qanunun da məsələyə yanaşması bu kontekstdədir ( https://e-qanun.az/framework/49124 ). Qanunun 14.1.4.-cü maddəsində deyilir ki, media subyektlərində irqi, dini, milli, cinsi mənsubiyyət məsələsində ayrı-seçkilik təbliğ olunmamalıdır. 14.1.5-ci maddədə isə deyilir ki, terrorçuluq, ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalıdır.
Kütləvi informasiya vasitələrinin məişət zorakılığı mövzusuna yanaşmasını ehtiva edənprinsip yerli qanunlarda, beynəlxalq konvensiyalarda təsbit olunduğu kimi, xəbər istehsalçıları üçün hazırlanmış etika kodekslərində də təkrarlanır. Həmin kodekslər barədə növbəti məqaləmizdə məlumat verilcəyik.
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində məişət zorakılığı mövzusunda informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Məişət zorakılığının qarşısının alınmasında medianın rolunun artırılması” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 7 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.