31 İyul 2024 16:44
"Ukraynanın F-16 qırıcılarına sahib olması onların döyüş qabiliyyətini artıracaq, Rusiyaya çətin anlar yaşada biləcəklər. İstər ön istərsə də, arxa cəbhədə olan Rusiyanın hərbi infrastrukturu, dayaq məntəqələri, texnikaları təhdid altına alınacaq. Bu qırıcılar Kiyevə verildikdən sonra təkcə Ukrayna cəbhəsində yox, eyni zamanda Rusiyanın dərinliklərinə kimi uçaraq müəyyən hədəfləri vurmaq mümkün olacaq".
Bunu Metbuat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. O bildirib ki, qırıcıların Kiyevə verilməsi savaşın gedişatına təsirsiz ötüşməyəcək, lakin fundamental şəkildə müharibənin istiqamətini dəyişməyəcək:
"20-30 qırıcı ilə müharibənin taleyini həll etmək mümkün deyil. Digər hərbi texnika sahələrində Ukraynada qıtlıq var. Bu qıtlığı yaxın zamanda həll etmək olmaz. Çünki Avropanın özündə belə, Ukraynaya yardım ilə bağlı müəyyən fikir ayrılıqları yaranmaqdadır. Bu da Rusiyanın lehinə işləyən faktordur. Digər bir məsələ isə ABŞ-dəki seçkilərdir. Bu, Ukraynaya təsir edəcək. Çünki Donald Tramp seçki kampaniyasında qeyd etdiyi kimi, fərqli siyasət yürütmək fikrindədir".
Politoloq qeyd edib ki, ABŞ-nin tam şəkildə Ukraynaya etdiyi dəstəyi geri çəkəcəyi gözlənilmir:
"Amma bu dəstəyin miqdarında kifayət qədər azalma ola bilər. Çünki son debatda da Tramp Zelenskini ən böyük tacir adlandırmışdı. Bildirmişdi ki, hər dəfə Zelenski ABŞ-yə gəlib 60 milyard götürüb, gedir. Bunu qeyri-məqbul saymışdı. Bu baxımdan seçkilərin nəticəsi də Rusiya-Ukrayna müharibəsinə təsirsiz ötüşməyəcək".
Seyranə Quliyeva / Metbuat.az