18 İyul 2024 16:15
Baxmayaraq ki, “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında həm Azərbaycan prezidenti, həm də Ermənistan baş naziri iktiraş edir, onlar arasında görüş olmayacaq. Ümidlər var idi ki, iki ölkə arasında sülh prosesi Londonda da müzakirə oluna bilər, amma Ermənistan bu görüşdən imtina etdi. Bunun da iki əsas səbəbi var. Birincisi odur ki, Ermənistan Britaniyanın təşkilatçılığı ilə baş tutacaq görüşdə iştirak etmək istəmədi. Çünki Britaniya Qafqaz siyasətində həmişə daha neytral və balanslı siyasət yürüdüb. Ermənistan həmişə çalışırdı ki xarici himayədarlarının, Fransa kimi ölkələrin köməyi ilə danışıqlar masasında müəyyən dividentlər əldə etsin. Britaniyanın həmin masada oturması Ermənistanın arzuladığı ssenari deyil".
Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. O bildirib ki, ikinci səbəb Rusiya faktorudur:
"Rusiyaya qarşı Ermənistanın həyata keçirdiyi addımlar şimal ölkəsini qıcıqlandıran amillərdən biri oldu. Xüsusilə, ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsi Rusiyanı daha da hiddətləndirdi. Belə olan halda, Ermənistan Rusiyaya qarşı yaranmış qurumun vasitəsilə sülh prosesinin həyata keçirilməsində iştirakdan çəkinə bilər. Aydın məsələdir ki, “Avropa Siyasi Birliyi”, rəsmi şəkildə elan edilməsə də, Rusiyaya qarşı yaranmış bir qurumdur. Bu quruma cəmi iki Avropa ölkəsi üzv deyil və bu forumda iştirak etmir - biri Rusiya, digəri isə Belarus.
Bu o deməkdir ki, Rusiya bu qurumu özünə təhdid kimi görür. Oradakı qərarların realizə olunmasını istəmir. Belə olan halda, Paşinyanın da Rusiyadan çəkinərək görüşdən imtina etməsi faktoru istisna olunmamalıdır. Bütün bunlar onu göstərir ki, Ermənistan siyasi rəhbərliyi sabit bir fikrə malik deyil. Bu da regional proseslərə mənfi təsir göstərir".
Seyranə Quliyeva / Metbuat.az