2 İyul 2024 12:31
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan vətəndaşlar üçün yaş senzi 65 yaş həddində müəyyən olunub. Bu səbəbdən həmin yaş senzinə çatan işçilər məcburən təqaüdə göndərilir.
Metbuat.az bildirir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə görə, işəgötürən hətta işçisini çalışmanın yaş həddinə çatdığına görə işdən çıxarırsa belə, bunun da zəruriliyini əsaslandırmalıdır.
Bakıda həkim işləyən Könül Əhmədova deyir ki, 64 yaşı var və gələn il pensiyaya gedəcəyi ilə bağlı çalışdığı müəssisə rəhbərliyi tərəfindən artıq xəbərdarlıq alıb.
Onun sözlərinə görə, yaş onun gördüyü işə heç bir təsir etmir: "Bu günə qədər öz öhdəliklərimi cəld və qüsursuz yerinə yetirmişəm, 40 ilə yaxın stajım var. 65 yaşım olacaq deyə, məcburi pensiyaya çıxarılmağım doğru deyil. Çünki, sadəcə, deyirlər, çıxmalısan, zərurəti izah etmirlər. Deyirlər könüllü yazıb çıxarsan".
Avropa və Qərb təcrübəsində yaş məhdudiyyəti yoxdur. Bəs Azərbaycanda bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilə bilərmi?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Turan-a bildirilib ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi qanunverciliklə müəyyən olunub: "Ölkəmizin Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq işçinin razılığı əsasında uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Müəyyən olunmuş yaş dövrünə çatmaqla əlaqədar əmək müqaviləsinin ləğv edilməsi halında da Əmək Məcəlləsinə əsasən işəgötürən bunu zəruriliyini işçi üçün əsaslandırır".
Nazirlikdən qeyd olunub ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar işçinin əmək müqaviləsi ləğv edildiyi halda o, pensiya təminatı ilə əhatə olunur:
"Pensiyaçı olduğu halda, hər ay pensiyasını alaraq eyni zamanda bu və ya digər fəaliyyət sahəsində əmək fəaliyyətini, əmək bazarında və sosial sığorta sistemində iştirakını davam etdirə bilər".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vurğulanıb ki, bunun üçün hər hansı məhdudiyyət yoxdur: "Hazırda 60 mindən çox işləyən pensiyaçı var. Yaşa görə pensiya təyin olunduqdan sonra şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta vəsaiti əsasında onun pensiyasının üzərinə əlavə olunaraq pensiyaları artırılır. Bu da pensiyaçıların yenidən əmək bazarında və sosial sığorta sistemində aktiv iştirakını stimullaşdırır. Yəni, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ilə bağlı həmin müəssisədən ayrılan şəxsin əmək bazarında, sosial sığorta sistemində iştirakını davam etdirməsi üçün hər hansı maneə yoxdur".