5 İyul 2024 16:56
Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı proseslərin getdiyi, rəsmi İrəvanın sülh sazişini tezliklə imzalamağa hazır olduğuna dair açıqlamalar verdiyi bir zamanda, Ermənistanın silahlandırılması da davam etdirilir. Qafqazda Rusiya ilə maraqları toqquşan Qərb dövlətlərinin və xüsusən Fransanın regionumuzda sülhün əldə edilməsinə mane olmaq cəhdləri də göz önündədir.
Eyni zamanda, İrəvanın hücum məqsədli ölümcül silahlarla təmin edilməsi, Qafqazda yenidən münaqişə ocağının alovlana biləcəyi suallarını ortaya çıxarır. Bu ehtimallarla bağlı ayrı-ayrı hərbi və siyasi ekspertlərin proqnozları mövcuddur. Bəs, hazırda regionumuz sülhə, yoxsa müharibəyə daha yaxındır?
Mövzu ilə bağlı Metbuat.az-a danışan deputat Aydın Hüseynov hesab edir ki, hazırda bir çox böyük dövlət sülh sazişinin imzalanmasına mane olmağa çalışır:
"Bakı və İrəvan arasında müəyyən addımlar atılır və Ermənistan Baş naziri Nikol Paşinyan da sülh sazişi ilə bağlı açıqlamalar verir. Lakin sülhün əldə edilməsi üçün lazım olan fundamental şərtlərdən biri odur ki, Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir. Çünki Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Bir ölkənin konstitusiyasında qonşu ölkəyə qarşı ərazi iddiası varsa, hansı sülhdən söhbət gedə bilər? Bu dəyişiklik edilməlidir ki, davamlı və uzunmüddətli sülh olsun.
İkinci məsələ odur ki, Ermənistan və Azərbaycan arasında sülhə dair atılan addımları əngəlləmək istəyən qüvvələr var - Fransa və digər ölkələr. Artıq məlumdur ki, Azərbaycan Cənubi Qafqazda söz sahibidir. Həm iqtisadi, həm siyasi mənada. Eyni zamanda, Azərbaycan Ermənistanın işğalına son qoyduqdan sonra, bölgədə dünya iqtisadiyyatı üçün böyük perspektivlər yaranıb. Ermənistan böyük dövlətlərin siyasi alətinə çevirilib və həmin dövlətlər regiondakı maraqları üçün İrəvandan alət kimi istifadə edirlər. İstəyirlər ki, Ermənistan vasitəsi ilə Cənubi Qafqazda yaranacaq sülhün və iqtisadi perspektivlərin qarşısını alsınlar".
Deputat bildirib ki, həmin qüvvələrin sülh prosesinə ciddi təsir edə biləcəyini düşünmür:
"Mən hesab edirəm ki, onların heç biri sülh prosesinə əhəmiyyətli dərəcədə müdaxilə edə bilməyəcək. Azərbaycanın siyasi və hərbi gücü Ermənistana, onu dəstəkləyən dövlətlərə bəllidir. Ona görə də, Ermənistan heç bir cəhd etməyə səy göstərməz. Çünki istənilən halda qarşılarında Azərbaycan Ordusunu görəcəklər.
Bütövlükdə düşünürəm ki, sülh üçün perspektivlər var. İrəvan bu istiqamətdə addımlar atmalı və Azərbaycanın təklif etdiyi fundamental şərtləri qəbul etməlidir".
Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı danışarkən bildirib ki,Qafqazda yeni bir münaqişənin alovlanması üçün bir neçə səbəb var və bunun nəticəsində, regionda təhlükəsizliyi təmin etmək olmur:
"Birinci səbəb elə Ermənistan özüdür. Hakimiyyətə kim gəlir gəlsin, Ermənistan heç vaxt müstəqil siyasət yürütməyib. Yürütdükləri siyasət də qonşu ölkələrlə münasibətlərə mənfi təsir göstərib. Erənistandan həmişə müəyyən dövlətlərin maraqlarını Qafqazda təmin edən dövlət olub. Hətta mən deyərdim ki, erməni xalqının yox, məhz havadarlarının istəyini yerinə yetirən bir dövlət olub. Əvvəl Ermənistan Rusiyanın maraqlarından çıxış edərək, Azərbaycanın ərazilərini işğal etmişdi. Sonra isə Ermənistanda Qərb yönlü rəhbərin hakimiyyətə gəlməsi və artıq regionda Rusiyanın yox, Qərbin maraqlarını təmin etməsi, vəziyyəti gərginləşdirdi.
Şair Ramaldanov deyib ki, indi də Qərb ölkələri öz maraqları üçün İrəvandan istifadə edirlər:
Rusiyanın maraqlarına qarşı çıxan Qərb Qafqazda öz maraqlarını təmin etməyə başladı. Ona görə də, Ermənistan məhz Qərb, xüsusən Fransa tərəfindən silahlandırılır. Artıq il yarım ərzində 36 ədəd özüyeriyən haubitsanın İrəvana verilməsi ilə bağlı müqavilə bağlanıb. Məsələ burasındadır ki, Ermənistanın iqtisadi durumu yüz milyonluq silahları ala biləcək vəziyyətdə deyil. Deməli bu texnika və silahlar hansısa fondlar tərəfindən İrəvana gətirilir. Sabah o silahların hansı istiqamətdə istifadə ediləcəyi də sual altındadır. Nəzərə alsaq ki, Ermənistan Türkiyə, İran və Rusiya kimi böyük dövlətlərlə həmsərhəddir, münaqişənin məhz Bakı ilə İrəvan arasında alovlanacağı istisna edilmir".
Mövzu ilə bağlı danışan deputat Azər Badamov iki ölkə arasında sülh sazişi bağlanmadığı üçün savaş ehtimalının həmişə olduğunu düşünür:
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmadığından, yenidən savaşın baş vermə ehtimalı həmişə qalmaqdadır. Tarix göstərir ki, hətta bir-birinə hücum etməmək haqqında sənəd imzalayan ölkələr də zaman keçəndən sonra digərinin ərazilərini işğal etmək üçün qəfil müharibəyə başlamışdır. Məsələn, 1941-ci ildə aralarında saziş olmasına baxmayaraq, faşist Almaniyası SSRİ-yə qəfil hücum etdi. Ona görə də, tarixdə baş verən belə hadisələri həmişə diqqətdə saxlamalı və hərbi gücümüzü daha da artırmalıyıq. Bu baxımdan, Ermənistanın ölümcül silahlarla silahlanması gələcəkdə yenidən müharibə olma ehtimalını da artırır. Bu gün isə Ermənistnın Azərbaycana qarşı müharibə etmək ehtimalı çox aşağıdır".
Deputatın sözlərinə görə, Ermənistan sülh müqaviləsinin imzalanmasını ləngitsə də, Azərbaycanın irəli sürdüyü təklifləri yavaş-yavaş qəbul etməyə başlayıb:
Belə ki, bu gün iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün ən böyük maneə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Amma bu gün Ermənistanda konstitusiya günü ilə bağlı xalqa müraciətində Nikol Paşinyan konstitusiyanın dəyişdirilməsinin qaçılmaz olduğunu bildirmişdir. Əgər Ermənistan tezliklə referedum keçirərək müvafiq dəyişikliyi edərsə, ölkələrimiz arasında sülh müqaviləsi ən qısa zaman kəsiyində bağlana bilər. Amma sülh müqaviləsi bağlansa belə, ehtiyatımızı əldən verməməli və hərbi üstünlüyümüzü həmişə diqqətdə saxlamalıyıq. Çünki Cənubi Qafqazda sülhün davamlı olması və yenidən müharibənin baş verməməsinin yeganə sığortası ancaq Azərbaycandır".
Cavidan Mirzəzadə / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.