METBUAT.AZ

Ölkə

​Qanunsuz parklanma xidməti göstərənlər həbs olunacaq

24 İyul 2024 16:32

Qanunsuz parklanma xidməti göstərənlər həbs olunacaqlar.

Metbuat.az xəbər verir ki, Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilib.

Belə ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Həmçinin ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat cərimə müəyyən edilib.

Qeyd edək ki, ötən ilin avqust ayından parklanma məntəqələri və yerlərinin təşkili üzrə işlərin icrasına başlanılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanmanın proqram təminatı və SMS vasitəsilə idarə edilməsi, həmçinin fərdi parklanma talonlarının tam elektron şəkildə verilməsi məqsədilə sistem istifadəyə verilib. Bu sistem hazırda geniş istifadə olunur və parklanmanın yeni paradiqmasını yaradıb. Qanunvericiliyə edilmiş dəyişikliklər sistemin daha da təkmilləşdirilməsinə xidmət edəcək.


metbuat.az.