METBUAT.AZ

Siyasət

Unudulmaz vətənpərvər şəxsiyyət

14 İyul 2024 17:43

Unudulmaz vətənpərvər şəxsiyyət

14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün mümkün tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağa müvəffəq olmuş və azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşınında boğulmasının qarşısını qətiyyətlə almışdır. Ulu öndər xalqın şanlı keçmişini, soykökünü qaytarmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, eləcə də ana dilini inkişaf etdirmək üçün ölçüyəsığmaz işlər görmüşdür. Bu sahədə kütləvi informasiya vasitələrinin əhəmiyyətini nəzərə alan müdrik lider Heydər Əliyev Azərbaycan KP MK-nın 20 mart 1970-ci il tarixli plenumundakı çıxışında onların fəaliyyətindən narazılığını ifadə edərək demişdir: "...Bəzən mətbuat, televiziya və radio işçiləri mədəniyyətin və məişətin inkişafına, xalqın mənəvi həyatına aid mühüm məsələləri lazımi səviyyədə işıqlandırmağı bacarmırlar...". Bu kəsərli çıxışdan sonra mətbuatda, televiziya və radioda xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini, folklorunu təbliğ edən materiallar əhəmiyyətli dərəcədə çoxalmış, milli irsi təcəssüm edən verilişlər ərsəyə gətirilmiş, ana dilinin təbliği istiqamətində konkret addımlar atılmışdır. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, o cümlədən ədiblərinin və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə milli ədəbi düşüncənin də inkişafına təkan vermiş, azərbaycanlıların necə zəngin tarixə, qədim soykökünə malik olduğunu dünyaya bəyan etdirmişdir. Əzmkar lider Nizami Gəncəvinin və İmadəddin Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması ilə bağlı partiya qərarlarının verilməsinə belə nail olmuşdur. Milli mənəvi dəyərlərə bütün varlığı ilə bağlı olan böyük insan xalqın düşüncələrini, adət-ənənələrini, azadlıq ideyalarını özündə yaşadan Azərbaycan folklorunun, o cümlədən aşıq musiqisinin dirçəldilməsini də diqqətində saxlamışdır. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin 1972-ci ildə onun doğulduğu Göyçə mahalında, Bakıda və hətta Moskvada ən yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsi olmuşdur. Bu tədbirlərin keçirilməsində məqsəd aşıq sənətinə və el sənətkarına yüksək dəyər verilməsi ilə yanaşı, Azərbaycanın tarixi sərhədləri, ata-babalarımızın bu yerlərdə əzəldən yaşadıqları barədə həqiqətləri ictimaiyyətə, yeni nəslə və bütün dünyaya çatdırmaq idi. Azərbaycan türk mənşəli olması "Kitabi-Dədə Qorqud"da daha əhatəli əks olunduğundan, XX əsrin 20-50-ci illərində sovet ideologiyası dastanın öyrənilməsini qadağan etməklə uzun illər bu abidənin unutdurulmasına çalışsa da, Heydər Əliyev bu qadağanın da aradan qaldırılmasına və dastanın dərindən tədqiqinə normal şəraitin yaradılmasına nail olmuş, nəticədə "Kitabi-Dədə Qorqud"la bağlı çoxsaylı tarixi və ədəbi araşdırmalar aparılmış, bu mövzuda bədii film çəkilmişdir.

Bundan sonra, hüquqi əsas yarandığı üçün ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, televiziya, mətbuat, radio, kino, teatr quruculuğunda milli dilin tətbiqini genişləndirmək daha asan oldu. Təbliğat üçün xüsusi önəm kəsb edən bu sahələrdə də milliləşmə prosesi başladı. Məhz ümummilli liderin təşəbbüsü və onun himayəsi ilə xalqımızın tarixini, adət-ənənələrini, qəhrəmanlıq keçmişini və s. əks etdirən mövzularda filmlər çəkilməyə başlanıldı. Təsadüfi deyildir ki, “Nəsimi”, “Babək”, “Dəli Kür” və digər bu kimi filmlər gənclərin milli ruhda tərbiyəsində, sonralar onların kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı. Təhlil göstərir ki, sovet hakimiyyətinin ilk illərindən etibarən Azərbaycanda rus dilində təhsil alanların sayı dinamik surətdə artırdısa, ötən əsrin 70-ci illərinin əvvəllərindən bu dinamika Azərbaycan dilində təhsil alanların say artımı hesabına kəskin şəkildə azalmış, ana dilində rəsmi, elmi və bədii nəşrlərin sayı artmış, elmi tədqiqatların və araşdırmaların məhz bu dildə aparılması təmin olunmuşdur. O dövrdə Bakıda türkçülüyü tədqiq edən sanballı "Türkologiya" jurnalının nəşrə başlaması da böyük zəhmətin, əzmin, fədakarlığın, türk dönməzliyinin nəticəsi idi. Bu dəyərli jurnala Kreml bir neçə dəfə etiraz etsə də, imperiya rəsmiləri Heydər Əliyevin müdrikliyinin qarşısında aciz qalaraq türk dünyasının birliyinə xidmət edən bu nəşrin dayandırılmasına müvəffəq ola bilməmişdilər.

SSRİ-nin süqutu ilə əlaqədar yaranmış tarixi şəraiti düzgün qiymətləndirməklə, vəziyyətdən bəhrələnən xalqımız ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, AXC-Müsavat iqtidarı təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartdı.

Qeyd etmək zəruridir ki, ötən əsrin 70–ci illərindən formalaşan iqtisadi potensialın artması azadlıq mübarizəsini zəruri edən amillərdən olduğundan, 80-ci illərin sonu, 90-cı illərin əvvəlində müstəqillik hərəkatının vüsət alması da müdrik liderin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə reallaşan iqtisadi yüksəliş və ona paralel olaraq, azərbaycançılıq, həmrəylik, mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.

İslahatlar aparılarkən kortəbii ehkamçılığa və tələskənliyə qarşı çıxan müdrik rəhbər vurğulayırdı ki, “bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına uyğun olaraq təşkil olunmaqla yerli şərait, milli xüsusiyyətlər, ənənələr və xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla həyata keçirilməlidir”. Sadalananlar nəzərə alınmaqla iqtisadi islahatların yüksək peşəkarlıqla aparılması sözsüz ki, Heydər Əliyev dühasının bəhrəsi idi. Dünya təcrübəsi də təsdiq edir ki, islahatların uğurlu nəticəsi düşünülmüş, əsaslandırılmış strategiya və taktikadan başqa, bir çox sosial-siyasi və ideoloji amillərdən də asılıdır. Heydər Əliyev müstəqil şəraitdə, heç kimə ümid bəsləmədən iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, təkcə siyasi-mənəvi deyil, həm də maddi nəticələr əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt hesab edirdi.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı. Bu sahədə aparılan islahatlarda müdrik liderin 9 avqust 1994-cü il tarixdə imzaladığı «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərman xüsusi əhəmiyyət kəsb edirdi. Görülən səmərəli işlər, o cümlədən qeyd olunan fərman hüquq-mühafizə orqanlarını cinayətkar təzahürlərə, xüsusən də, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər etməklə, “cəzanın labüdlüyü” prinsipinin reallaşması istiqamətində ən ciddi tədbirlər görülməsini təmin etdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üçün təşəbbüs göstərməsi və bu işə hərtərəfli dəstək verməsi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında “Heydər Əliyev Konstitusiyası” adlandırılır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Müdrik liderin təşəbbüsü və şəxsi nəzarəti ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm hüquqi aktlar qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirildi. Görülən böyük işlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Əmək və digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə görülən işlərin səmərəliliyini daha da artırdı. Fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə malik Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən ən mühüm kefiyyətlərdən biri də, onun siyasətinin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması idi. Hər kəsə bəllidir ki, 1993-cü ilin iyun ayından ölkəmizdə icrasına moratorium qoyulmuş ölüm cəzası sonradan məhdudlaşdırıldı, daha sonra isə,10 fevral1998-ci il tarixdə bu cəza növü Şərqdə ilk dəfə olaraq Azərbaycanda ləğv edildi. Geniş ürəyə və zəngin mənəviyyata malik olan Heydər Əliyev təqsirkarları qanunvericiliyə uyğun olaraq cəzalandırmağın tərəfdarı olsa da, onun xeyirxahlığı, insanpərvərliyi bəzi hallarda cinayətkarları bağışlamağa da sövq edirdi. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası bunun əyani göstəricisi idi.

Sevindirici və qürurvericidir ki, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun reallaşdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək erudisiyası və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının hərtərəfli yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Dünyada gedən mürəkkəb proseslərə, ümumbəşəri ciddi problemlərə, eləcə də müharibədən yeni çıxmış və antiterror əməliyyatları keçirən ölkə olmasına, həmçinin postpandemiya dövrünü yaşamasına rəğmən Respublikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə ardıcıl uğurlar əldə edilir. Eyni zamanda, regionlarımızın tarazlı inkişafı ilə bərabər, lider-xalq-ordu birliyinin nəticəsində hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilmiş əzəli ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilir.

Ölkə daxilində mövcud olan möhkəm ictimai-siyasi sabitlik, qanunun aliliyinə, zamanın tələblərinə cavab verən islahatların keçirilməsi xarici siyasət sahəsində qazanılan uğurları kəmiyyət və keyfiyyət etibarilə daha da artırır. Xarici siyasətində bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq kimi prinsipləri hər zaman rəhbər tutan Azərbaycan beynəlxalq əməkdaşlığın daha da dərinləşməsinə çalışır.

Beynəlxalq aləmdə dövlətlərarası əməkdaşlığın böhran dövrü keçirməsinə baxmayaraq, Azərbaycan hökuməti belə bir mürəkkəb tarixi şəraitdə də həmişə olduğu kimi milli maraqlardan irəli gələn xarici siyasət yürüdür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycan dövləti xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun olaraq dünyanın ayrı-ayrı subyektləri ilə özünün siyasi və iqtisadi əməkdaşlığını tamamilə bərabər hüquqlu tərəfdaşlıq formatında qurmuş və keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.

Bütün bunlar həm də onun göstəricisidir ki, müasir Azərbaycan sürətlə cərəyan edən qlobal proseslər axarında öz sabit inkişaf istiqaməti olan, qlobal çağırışlara milli maraqlar çərçivəsində cavab vermək qüdrətinə malik bir dövlətə çevrilərək beynəlxalq münasibətlər sistemində layiqli yerini tutmağı bacarmışdır.

Beləliklə də, Respublikamızda müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və beynəlxalq əlaqələrin genişləndirilməsi prosesinin dönmədən davam etdirilməsi, hər üç istiqamətin ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal səviyyədə söz sahibi olan nüfuzlu dövlətə çevirmişdir. Liberal-demokratik inkişafa, siyasi sistemin sabitliyinə, davamlı iqtisadi tərəqqiyə və beynəlxalq əlaqələrin daha da inkişaf etməsinə xidmət edən bu strategiya həm də diplomatiya sahəsində əldə olunan nailiyyətlərin əsasını təşkil etmişdir.

Göründüyü kimi, ölkəmizin bütün uğurlarının, dövlətimizin hərtərəfli qüdrətlənməsinin, xalqın rifahının sürətli yaxşılaşmasının, möhtəşəm qələbəmizin, bir sözlə hər bir nailiyyətimizin arxasında ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi strategiyası dayanır.

Ulu Öndərin uzaqgörən mükəmməl siyasi strategiyasının, ölməz ideyalarının və dəyərli tövsiyələrinin Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rol oynayacağına, dövlət başçısının rəhbərliyi ilə Respublikamızda həyata keçirilən hərtərəfli islahatlara, görülən nəhəng işlərə böyük töhfələr verəcəyinə hər kəs əmindir.

Vüsal Abdullayev

Azərbaycan Respublikası Baş Prokurorluğunun, Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə müşaviri


metbuat.az.