METBUAT.AZ

Ölkə

Vəkil və qardaşı barəsində cinayət işi başlanıldı

18 İyul 2024 19:15

Vəkil Adəm Məmmədov və qardaşı barəsində böhtan atma-təhqir cinayətinə görə vəkil Ceyhun Yusifovun xüsusi ittiham şikayəti icraata qəbul edildi.

Metbuat.az-ın əldə etdiyi məlumata görə AR Vəkillər Kollegiyasının üzvü vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində cinayət işi başlanılmışdır. Belə ki, vəkil Ceyhun Yusifov tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət verilmişdir. Bu barədə Ceyhun Yusifovun vəkili və nümayəndəsi Asim Abbasov ilə əlaqə saxlanılmış və onun tərəfindən xəbər saytımıza məlumat verilmişdir. Məhkəmə zamanı Ceyhun Yusifovun vəkilləri Asim Abbasov və Cavidan Osmanlı xüsusi ittiham barəsində şikayəti müdafiə etmiş, şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Vəkilin sözlərinə görə Ceyhun Yusifov tərəfindən vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir.

Qeyd edək ki, vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə AR Cinayət Məcəlləsinin 147.2- Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və 148-ci -Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin şəxslər barəsində xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat başlanılmışdır. Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun hüquqi statusları artıq təqsirləndirilən şəxs qismindədir. Məmmədovların təqsirləndirilməsinə dair cinayət işi hazırda Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır və növbəti məhkəmə iclası 25 iyul tarixinə təyin edilmişdir.

Bunu da qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında digər cəzalarla yanaşı üç ilədək müddətə azadlıqdan məhrum etmə, 148-ci maddəsinin sanksiyasında isə digər cəzalarla yanaşı altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

Eyni zamanda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə görə də barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin vəkillik fəaliyyətinə xitam verilir.


metbuat.az.