11 İyul 2024 11:23
"Yeni yazılacaq kitablar uşaqların yaş xüsusiyyətinə, bacarığına, psixologiyasına, həmçinin öyrənmə qabiliyətinə uyğun olaraq yazılmış kitablar olacaq. Çünki son illər Elm və Təhsil Nazirliyi yeni dərslikləri müasir dövrün tələblərinə uyğun olaraq tərtib edir. Yeni dərsliklər oxunaqlılıq baxımından da kifayət qədər yaxşı olacaq".
Bu sözləri Metbuat.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, istifadəyə veriləcək 4 kitab kifayət qədər yeni informasiyalarla dolu olacaq:
"2022-ci ildən etibarən, orta ümumtəhsil məktəblərində Təbiət fənni 5-ci və 6-cı siniflərdə tədris olunur. Bu o deməkdir ki, həmin fənni keçən şagirdlər Fizika, Coğrafiya, Biologiya kimi elmləri Təbiət fənninin daxilində keçirlər. Ona görə də, 4 fənn üzrə biliklər həmin kitablara uyğunlaşmalıdır. Yəni onlar digər şagirdlər kimi, təməl biliklərə malik olan akademik informasiyanı özündə əks etdirən kitablardan istifadə etməyiblər. Şagirdlər əvvəlki illərdə təbiət dərsliyində birləşdirilmiş fənnləri öyrəniblər. Yeni kitab məhz ona uyğun olmalıdır. Çünki 4 ildən sonra bu qəbul imtahanlarında problem yaradacaq.
6-cı sinifdən etibarən şagirdlərə Fizika, Biologiya, Coğrafiya fənni tədris olunur. Burada ilk informasiyalar olur. Amma Təbiət fənnini keçən uşaqlar bu fənnin daxilində qeyd olunan dəsrləri ümumiləşmiş halda keçiblər. Həmin fənni tədris edən müəllim geniş akademik biliklərə malik deyil. Məhz bu amil qaçılmaz edir ki, bizim yeni dərsliklərimiz məzmun, standartlar baxımından yeni kitablar olmalıdır".
Qeyd edək ki, 2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq.
Seyranə Quliyeva / Metbuat.az