3 İyul 2024 11:10
"B-4 stansiyasında hazırda inşaatın tamamlanma mərhələsi adlanan hissə başlamaq ərəfəsindədir. Stansiyada üzlüyün vurulmasına hazırlıq işləri görülür".
Bu sözləri Metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, texnoloji proseslərin ardıcıllığına görə, divarların təmizlənməsi, yuyulması, sahənin bu istiqamətdə işlər üçün hazırlıq vəziyyətinə gətirilməsi tədbirləri görülür:
"8 Noyabr"dan B-4 stansiyasına qədər olan məsafədə dəmir yolları çəkilib. Yolun digər üst quruluşu elementləri quraşdırılıb. Bu tədbirlər də hal-hazırda davam etdirilir. Bundan əlavə olaraq təbii ki, stansiyada infrastrukturun qurulması istiqamətində işlər başlamaq ərəfəsindədir. Eskalatorlar stansiya ərazisinə gətirilib. Vintelyayorlarda stansiya ərazisindədir".
Qeyd edək ki, B-4 stansiyası Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığında yerləşir.
Seyranə Quliyeva / Metbuat.az