METBUAT.AZ

Ölkə

Yeni müharibəyə bu hadisə səbəb olacaq -

12 İyul 2024 11:09

Erməni iqtisadçı və tədqiqatçı Vahram Revazyan “CivilNet”ə müsahibəsində deyib ki, guya yeddi ildən sonra Azərbaycanın əsas neft mədəni Azəri-Çıraq-Günəşli (AÇG) boş qalacaq ki, bu da Ermənistanla yeni müharibənin səbəbi ola bilər.

Metbuat.az Global.info.az-a istinadən xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban açıqlamasında ermənilərin tədqiqat aparmadıqlarını, sadəcə, Azərbaycan mətbuatına və sosial şəbəkələrdə yazılanlara diqqət yetirib, müəyyən qənaətə gəldiklərini bildirib.

Onun sözlərinə görə, erməni ekspert də bunun mümkün risklərini hesablayıb, belə bir nəticəyə gəlib:

“Əgər biz 2020-ci ildən sonrakı dövrə baxsaq, Azərbaycanda 3 ildə təqribən 4 milyon ton neft hasilatı azalıb. Bu tendensiya hazırda da davam edir. 2025-ci ildən başlayaraq hasilatın aşağıdüşmə tempi yavaş-yavaş azalacaq, ötənilki səviyyədə olmayacaq. Bu da onunla əlaqədardır ki, cari ilin aprelin 16-da Azəri-Çıraq-Günəşli neft blokunda yeni neft hasilat platforması işə salındı. Lakin onun tam layihə gücünə çatması üçün təqribən iki ilə yaxın zaman lazımdır. Artıq 2026-cı ildə əvvəlki kimi 11-12 faizlik azalma olmayacaq. Həm də Azərbaycanda hasilatın azalması dünən və ya srağagün baş verməyib. Ölkəmizdə hasilatın azalması 14 ildir ki, müşahidə olunur”.

İ.Şabanın sözlərinə görə, 2010-cu ilin 3-cü rübündən Azərbaycanda neft hasilatının azalması qeydə alınır:

“Pik həddi 2010-cu ilin avqust ayında olub, sentyabrda isə aşağı göstərici oldu. Bundan sonra da daimi azalma gedib. Cəmi 2018-ci ildə bir il hasilat stabil qaldı. Yenidən azalmaya doğru gedir və gedəcək də. Çünki ehtiyatlar azalır, yeni neft yatağı istismara verilmir. Layihədə var idi ki, “Qarabağ” yatağını istismara versinlər. Təəssüf ki, Azərbaycanın müstəqillik illərində açdığı yeganə neft yatağı istismara verilmədi. Necə ki, Heydər Əliyev adına Neft Emalı Zavodu düyünə düşdü və 2027-ci ilin sonunda ancaq modernizasiya işlərini yekunlaşdırmaq istəyirlər, o yatağın istismara verilməsi də neçə şirkətlə danışıldı, axırda bir düyünə düşdü. Sonda da ötən ilin dekabrında yatağı tərk etmə qərarı verdilər. Məsələ belədir”.

Ekspert deyib ki, hökumətin neft hasilatı ilə bağlı olan proqnozları üç illikdir:

“Uzun müddətli dövr üçün Azərbaycan hökumətinin proqnozları yoxdur. 2030, 2035, 2040-cı ildə nə qədər əmtəəlik neft hasil edəcəyik, bunun proqnozu verilmir. Niyə proqnoz etmirlər? Nə olsun ki, azalır? Proqnoz olmalıdır ki, biz də əmin olaq ki, “Qarabağ” yatağını 2030-cu ildə istifadəyə verə bilərik, yoxsa yox. Əgər istifadəyə verə biləcəyiksə, deməli, oradan ildə ən azı iki milyon ton neft çıxmış olacaq. Onda bu hasilatın aşağıdüşmə tempini kifayət qədər ertələyə biləcək. Bəs hansısa digər yataqlarda neft verimliliyin artırılması ilə bağlı nəsə varmı? O da yoxdur. Proqnoz olmayanda, nə baş verir? Şayiələr reallığı üstələyir. Reallıq bundan ibarətdir ki, dəfələrlə demişəm, yenə təkrar edirəm, 2040-cı ildə də Azərbaycanda neft hasilatı olacaq, 2050-də də. Yəni maye karbohidrogenlər bu əsrin sonuna qədər bizdə olacaq”.

Ekspertin dediklərinə görə, bir tək “Şah Dəniz” yatağından 4 milyon ton kondensat hasil edirik:

“Cari il üçün “Abşeron” yatağından təqribən 650-700 min ton ətrafında kondensat gözləyirik. “Ümid” yatağı qaz yatağıdır və oradan da 250-300 min ton kondensat çıxır. Ümumilikdə götürsək, Azərbaycan cari il üçün 29 milyon ton ətrafında neft hasil edəcəksə, onun 25 faizi kondensatdır. Kondensat qaz yataqları istismara verildikcə, neft azalacaq, kondensat artacaq. Bu da neftdən daha keyfiyyətli bir məhsuldur. Erməni ekspertin açıqlamasına gəldikdə isə, o, bunu bu baxımdan deyib ki, guya Azərbaycanın pulu bitəcək, əsas ixrac maddəsi neftdir və yeni nəsə etmək üçün Ermənistanla müharibə edəcək. Yaxşı, Ermənistanla müharibə edib, qənimət olaraq nə alacağıq ki? Dağı-daşı tutub kapitalamı çevirəcəyik?! Ona görə də onun açıqlaması məntiqdən uzaqdır. Əgər göstərsə idi ki, Ermənistanla Azərbaycan arasında necə qiymətli yataqlar var və ondan bir neçə milyard Azərbaycan nəsə əldə edə bilər, ağla bir şey gələrdi. Necə ki, Venesuela ilə Qvineya arasında oxşar hadisə yaşandı. Burada amma belə bir şey yoxdur axı. Bu səbəbdən də hökumət belə şayiələrin qarşısını almaq üçün daim cəmiyyətə mesajlar verməlidir. Cəmiyyət də bilməlidir ki, nələr gözlənilir. Amma Ermənistan tərəfinin dedikləri cəfəngiyatdan başqa bir şey deyil”.


metbuat.az.