METBUAT.AZ

Sosial

Yeni radarlar müzakirə yaratdı -

18 İyul 2024 12:26

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılan yeni növ radarlar artıq işə salınıb. Köhnə radarlardan fərqli olaraq bu elektron lövhələrdə yol üçün nəzərdə tutulmuş sürət limiti ilə yanaşı, sürət həddini aşan avtomobillərin sürəti və nömrə-nişan qeyd olunacaq.

Yeni qurğular sosial şəbəkələrdə də müzakirələrə yol açıb. Bəziləri bu radarların faydalı olacağını bildirsə də, digərləri bu qurğuların sürücülərin fikrini yayındıracağını qeyd ediblər.

Mövzu ilə bağlı Metbuat.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu, sürücülər üçün bəhanədir:

"Sadəcə bilirlər ki, bu radarların texnologiyası daha üstündür. Ona görə, bundan yayınmaq üçün bəhanə uydururlar. Bu radarların psixoloji təsirləri var. Normal düşüncəsi olan sürücü o radarda öz nömrəsini, smayliki görsə, başa düşməlidir ki, bu bir xəbərdarlıqdır. Cərimə başqa təsir vasitəsidir. Bu həm də ona xəbərdarlıq edir ki, cərimədən daha betəri ölümdür, qəzadır. Buna yol verməsinlər".

Ekspert qeyd edib ki, yeni radarlar xüsusi imkanlara malikdir:

"Yeni quraşdırılan qurğular həm radar funksiyasını yerinə yetirir, həm də kamera kimi görüntülər çəkir. Bir qurğuda bir neçə qayda pozuntusunu aşkar etmək mümkündür".


metbuat.az.