2 Avqust 2024 12:38
Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki sərnişin avtobusu toqquşub. Hadisə zamanı 10 nəfərdən çox yaralının olduğu bildirilir.
TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub:
"Hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub".
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir".
Seyranə Quliyeva / Metbuat.az